Bu ilin fevral ayında həbsxanada dünyasını dəyişən rusiyalı müxalifətçi Aleksey Navalnının ölüm səbəbi açıqlanıb.
"Unikal" xəbər verir ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, mərhum siyasətçi qan laxtalanması səbəbindən deyil, hipertoniyadan dünyasını dəyişib.
Navalnının həyat yoldaşı Yuliya da teleqram kanalında "Komissiya məhkəmə-tibbi ekspertizasının rəyinə görə, məhkum A.N.-nın ölümünə səbəb xəstəlikdir: damar və orqan zədələnməsi ilə müşayiət olunan hipertoniya, beyin ödemi, mədəciklərin fibrilasiyası ilə çətinləşən diffuz miokardiyoskleroz", - qeyd edib.
Qeyd edək ki, 47 yaşlı siyasətçi xüsusi rejimli cəzaçəkmə müəssisəsində gəzintidən sonra özünü pis hiss edib və huşunu itirərək dünyasını dəyişib. İlkin məlumata görə, o, tromb yaranması səbəbindən vəfat edibmiş.
Xatırladaq ki, A. Navalnı 2021-ci il yanvarın 17-də fırıldaqçılıq və hakimi təhqir etməsi ittihamı ilə həbs edilmiş, 2023-cü ilin avqustunda 19 il müddətinə azadlıqdan məhrum edilmişdi.
O, Yuliya Navalnaya ilə evli idi, iki övladı var.
Gülayə Mecid