Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 8-ci mikrorayon, Koroğlu küçəsində, beşmərtəbəli yaşayış binansının 3-cü mərtəbəsində yerləşən mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Partlayış baş vermiş mənzilə baxış keçirilərkən 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin meyiti aşkar edilib.

Mənzildə aşkar edilmiş döyüş tətbiqinə yararlı 3 ədəd 23 mm-lik mərmi Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.

Mənzildə yanğın hadisəsi qeydə alınmayıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

***11:56

Sumqayıtda şəxsin partlayış nəticəsində ölməsi ilə bağlı araşdımaya başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, avqustun 16-da saat 11 radələrində 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin Sumqayıt şəhərində yaşadığı mənzildə əl qumbarasının partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

***

11:16

Sumqayıt şəhərində mənzildə partlayış olub.

"Unikal" xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb.

Hadisənin baş verdiyi əraziyə müvafiq qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.