Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev Ukraynanın Kursk bölgəsindəki əməliyyatın Qərblə birlikdə planlaşdırıldığını bildirib.
"Unikal" xəbər verir ki, o, bu barədə Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində danışıb.
Qərbin Ukraynaya dəstək verdiyini, silah və hərbi təlimçilər göndərdiyini xatırladan Patruşev, "Kursk bölgəsindəki əməliyyat da NATO və Qərb kəşfiyyatının iştirakı ilə planlaşdırılıb" deyə vurğulayıb.
ABŞ-nin Kurskla bağlı açıqlamalarını dəyərləndirən Patruşev, "ABŞ rəhbərliyinin Kiyevin Kurskda törətdiyi cinayətlərə qarışmadığına dair açıqlamaları faktları əks etdirmir. ABŞ həmişə bir şey deyir, başqa bir şey edir. Əgər bu olmasaydı. Amerikalıların dəstəyi ilə Kiyev Rusiya ərazisinə daxil olmaq riskini götürməzdi",- bildirib.
Avqustun 6-da Ukrayna ordusu Rusiya ərazisinin Kursk vilayətinə hücumlara başladıqdan sonra iki ordu arasında şiddətli toqquşmalar başlayıb. Rusiya tərəfindən vəziyyətin "federal fövqəladə vəziyyət" səviyyəsinə qaldırıldığı və terrorla mübarizənin elan edildiyi bölgədə 121 min insanın təxliyə edildiyi, ümumilikdə 180 min insanın təxliyə ediləcəyi açıqlanıb.
Gülayə Mecid