Qabonda dövlət çevrilişi ilə hökuməti ələ keçirən keçid dövrü prezidenti Brice Clotaire Oliqui Nguema hökumət üzvlərinə xaricdə istirahət etməyi qadağan edib.
"Unikal" xəbər verir ki, ölkəni gəzərək insanların problemlərini dinləyən Nguemanın qadağaları dövlət televiziyasında elan edilib.
Qərara əsasən, keçid dövrünün dövlət məmurlarına “vətəndaşlarının reallıqlarına və gözləntilərinə öyrəşmək” məqsədilə xaricə tətilə getmələri qadağan edilib.
Müvəqqəti hökumətin sözçüsü "Bu tədbirin məqsədinin yerli əhali ilə yaxınlaşmanı təşviq etmək olduğunu" izah edərək, istisnaların yalnız fors-major hallarda və ya sağlamlıq səbəbi ilə ediləcəyini bildirib.
Qərarın Nguemaya da şamil ediləcəyi açıqlanıb, lakin onun rəsmi məqsədlərlə xaricə getmək hüququnun olacağı təxmin edilir.
Bildirilir ki, Nguema Mərkəzi Afrika ölkəsində hakimiyyəti ələ keçirdikdən sonra ilk dəfə gələn il keçiriləcək seçkilərdə prezidentliyə namizəd olmaq üçün zəmini yumşaltmağa çalışır. Bununla belə, Nguemanın 2025-ci ildə keçirilməsi planlaşdırılan seçkilərdə ölkənin ən yüksək vəzifəsinə namizəd olub-olmayacağı ilə bağlı heç bir açıqlama verilməyib.
Gülayə Mecid