"2020-ci ilin noyabrında ikinci Qarabağ müharibəsinə son qoyulması haqqında saziş imzalandı. Dörd il keçdi və bu müqavilə diplomatik cəhətdən inkişaf etmədi".
"Unikal" xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov erməni KİV-ə açıqlamasında deyib.
O, jurnalistin "Putin dedi ki, İlham Əliyevlə nə müzakirə etdiyini Paşinyana deyəcək. Putinin bu açıqlaması nə deməkdir?" sualına belə cavab verib: "Sülh müqaviləsinin imzalanması üçün danışıqlar, baş nazir müavinləri səviyyəsində demarkasiya və delimitasiya üçün tamamilə anlaşılmaz bir format var. 4 ildir heç nə olmur. Bu, regionda potensial gərginlik mənbəyidir, Rusiyanın Zaqafqaziyadan Yaxın Şərqə üz tutduğunu nəzərə alsaq, açıq-aydın Moskva üçün sərfəli deyil və təbii ki, mənfi meylləri aradan qaldırmaq lazımdır. Ermənistan vasitəçi qismində Moskvanı danışıqlar prosesindən kənarlaşdırdı, Azərbaycan buna razılıq verdi. Brüsseldə, Vaşinqtonda və hətta Berlində aparılan danışıqlar nəticəsiz qaldı. Düşünürəm ki, Putin Moskva platformasına, rus diplomatlarının hazırladığı şərtlərə qayıtmağı da təklif etdi ki, sülh müqaviləsi imzalana bilsin".
Politoloq bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya, Zaxarovanın açıqlamasına diqqət çəkərək, razılaşmaların əldə olunduğunu istisna etməyib: "O ki qaldı Putinin əldə olunmuş razılaşmalar barədə İrəvana məlumat verəcəyi ilə bağlı açıqlamasına, bu, normaldır. Ermənistan KTMT-nin üzvüdür, hələ bu təşkilatdan çıxmayıb, Avrasiya İttifaqının üzvüdür, bu birlikdən də çıxmayıb. Bütün formal əlamətlər Ermənistanın Qərbə üz tutmasına və KTMT-ni maliyyələşdirməkdən, təlimlərdə iştirakdan və s. imtina etməsinə baxmayaraq, Rusiyanın tərəfdaşı və müttəfiqi statusunu itirmədiyini göstərir. Bu, Rusiya hərbi bazasının Gümrüdən çıxarılması ilə bağlı danışıqlar fonunda həyəcanlı vəziyyət yaradır. “Zvartnots”u tərk edən rus sərhədçiləri ilə hər şey aydın deyil. Türkiyə və İranla sərhəddə 4,5 min nəfər qalıb, Ermənistan-Azərbaycan sərhədinə Rusiya sərhədçiləri nəzarət etmir. Gələcəkdə Ermənistan hakimiyyətinin Rusiya sərhədçilərinin statusuna yenidən baxması tamamilə mümkündür.
Beləliklə, Ermənistan faktiki olaraq geosiyasi təcrid vəziyyətindədir. Azərbaycanla müqavilə yoxdur, İranla münasibətləri gərginləşib, İrəvanla Qərb arasında münasibətlərin dinamikasını bəyənmədiyi üçün Türkiyə ilə heç nə alınmır, baxmayaraq ki, xüsusi nümayəndələr nəsə razılaşırlar. Amma türklər deyirlər ki, Azərbaycanla müqavilə bağlanmayana qədər Ermənistanla heç bir müqavilə imzalamayacaqlar".
Ağarza Elçinoğlu