Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsində finlandiyalı qonaqlarla görüş keçirilib. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti, Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı və dəstəyi ilə ölkəmizə səfərə gəlmiş nümayəndə heyətində Finlandiya parlamentinin üzvü Mikko Polvinen, Aleksanteri İnstitutunda Finlandiya, Rusiya və Şərqi Avropa Araşdırmaları Mərkəzinin direktoru Markku Kansqapuro, “Hymy” jurnalının redaktor müavini Antero Eerola, “J-E Enestam AB” konsaltinq şirkətinin idarə heyətinin sədri Jan Erik Enestam, Qərbi Avropa İttifaqının Parlament Assambleyasında Finlandiya nümayəndə heyətinin rəhbərinin sabiq müavini Jaako Laakso təmsil olunub.
"Unikal" xəbər verir ki, görüşdə Finlandiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Təranə Nəzərova da iştirak edib.
Komitə sədri Rövşən Rzayev qonaqlara ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti, erməni işğalı nəticəsində doğma torpaqlarından didərgin düşən soydaşlarımızın üzləşdikləri çətinliklər, onların problemlərinin həlli istiqamətində Azərbaycan hökumətinin gördüyü tədbirlər, həmçinin 44 günlük Vətən müharibəsindən sonra yaranmış vəziyyət, işğaldan azad olunmuş ərazilərə qayıdışın gedişi və perspektivləri barədə məlumat verib. Prezident İlham Əliyevin qaçqınlara və məcburi köçkünlərə böyük qayğı göstərdiyi, onların yaşayış şəraitinin yaşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər gördüyü vurğulanıb, dövlətimizin başçısının rəhbərliyi ilə hazırda işğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinin aparıldığı, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə öz doğma yurdlarına qayıdışının başlandığı bildirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qaçınlar və məcburi köçkünlərlə bağlı bütün məsələlərə xüsusi həssaslıqla yanaşdığı, onların problemlərinin həllinə daim dəstək göstərdiyi qeyd edilib.
Böyük Qayıdışa dair I Dövlət Proqramının uğurla icra olunduğu, işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yeni salınan yaşayış məntəqələrinə indiyədək 8 min nəfərin köçürüldüyü barədə də qonaqlar məlumatlandırılıb. Həmin ərazilərdə işğal dövründə ermənilərin yerləşdirdiyi mina və partlamamış hərbi sursatlarla bağlı təhlükənin qayıdışa ciddi maneə olduğu da diqqətə çatdırılıb.
Helsinki universitetinin professoru Jan Erik Enestam verilən məlumatlar üçün minnətdar olduğunu, Azərbaycana səfər etməkdən məmnunluq hissi keçirdiklərini bildirib. O, ölkəmizdə ikinci dəfədir qonaq olduğunu, 1980-ci illərlə müqayisədə əsaslı dəyişikliklərlə qarşılaşdığını, ölkəmizdəki inkişafın və tərəqqinin bütövlükdə nümayəndə heyətini təccübləndirdiyini vurğulayıb. Finlandiyalı qonaq məcburi köçkünlüyün onun ölkəsinin də tarixində yaşandığını, Azərbaycanın təcrübəsinin daha çətin və məsuliyyətli, hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan işlərin həcminin isə təqdirəlayiq olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.