Peşəkar Futbol Liqası düz yoldadırmı?
04:31 11-04-2012
İDMAN
Peşəkar Futbol Liqası düz yoldadırmı?
Klublar bu qurumdan razı olduqlarını deyirlər
Bu il Peşəkar Futbol Liqasının 4 yaşı tamam olacaq. Arxada qadan 4 il ərzində ölkə futbolunda bir sıra yeniliklər edildi, bəzi uğurlar qazanıldı, bəzi problemlər ortaya çıxdı. PFL yaranandan sonra əvəzedicilərin çempionatının keçirilməsinə başlanıldı, çempionata, kuboka sponsor tapıldı, Premyer Liqanın təşkili baxımından peşəkarlığa doğru bir sıra addımlar atıldı. Promblemlər tam olaraq aradan qalxmasa da, böyük ölçüdə həll olunub.
Bəs klublar nə düşünür? Peşəkar Futbol Liqasının 4 illik fəaliyyəti onları qane edirmi? Qurumun fəaliyyətindəki müsbət və mənfi cəhətlər hansılardı? Bu və digər suallarla klub rəsmilərinə müraciət etdik. Əksəriyyəti PFL-in fəaliyyətindən razı olduqlarını bildirdi. Yalnız "İnter"in prezidenti Georgi Nikolov əcaib səbəblə danışmaqdan imtina etdi.
Bu il həm də PFL prezidentliyinə növbəti seçkilər keçiriləcək. Klub rəsmilərinin açıqlamalarından belə çıxdı ki, onlar qarşıdakı seçkidə qurumun hazırkı prezidenti Ramin Musayevin namizədliyini dəstəkləyəcəklər.
Tahir Süleymanov ("Neftçi"nin vitse-prezidenti): "Peşəkar Futbol Liqasının 4 illik fəaliyyəti dönəmində bir sıra uğurlar əldə olunub. Ən önəmlisi odu ki, infrastrukturun inkişafı yönündə önəmli addımlar atılıb, yeni stadionlar inşa olunub, əvəzedicilərin çempionatı təşkil olunmağa başlayıb. Fikrimcə, bundan sonra da AFFA, PFL və klublar birgə müzakirələr aparmalı, futbolumuzun inkişafı naminə ortaq qərarlar qəbul etməlidi. Limitlə bağlı qəbul olunan son qərarı da alqışlayırıq. Gələcəklə bağlı təklifimiz budu ki, çempionat müntəzəm keçirilsin, uzun müddətli fasilələr yaranmasın. Bunun üçün də futbol qurumları və klublar birgə müzakirələr aparmalı, ortaq qərar qəbul etməlidi".
Tuyqun Nadirov ("Xəzər Lənkəran"ın vitse-prezidenti): "PFL çempionatı təşkil edir. Buna görə də onların işini uğurlu saymaq olar. Hər halda, çempionatın təşkili yüksək səviyyədədi. PFL öz üzərinə düşən işi yerinə yetirir. Bir neçə il əvvəl Premyer Liqanın təşkilatçılığı bu səviyyədə deyildi. İndi isə problemlər aradan qaldırılıb, çempionat oyunları PFL tərəfindən lentə alınır. Bütün bunlar təşkilatçılığın yaxşı olması deməkdi".
Əmrah Çəlikəl ("Qarabağ"ın direktoru): "PFL-in fəaliyyət klubumuzu qane etdi. Onlar sübut etdilər ki, belə bir təşkilat Azərbaycan futboluna lazımdı. Qarşıdakı seçkidə PFL prezidentliyinə yenidən Ramin Musayevin namizədliyini dəstəkləyəcəyik".
Georgi Nikolov ("İnter"in prezidenti): "Klubların yuxarı instansiyaların fəaliyyətini dəyərləndirməsi düzgün deyil".
Zaur Əzizov ("Qəbələ"nin baş meneceri): "Təşkilatçılıq baxımından inkişaf göz qabağındadı. PFL yararandan sonra çempionatın təşkilində böyük irəliləyişlər olub. Düzdü, hakimliklə bağlı müəyyən problemlər olur. Amma bu PFL-in fəaliyyətinə aid deyil".
Yaşar Seyidov ("Bakı"nın icraçı direktoru): "PFL 4 il ərzində kifayət qədər uğurlara nail olub. Təbii ki, işin gedişində müəyyən çətinliklər yaranır, problemlər üzə çıxır. Amma ildən-ilə yeni qərarlar qəbul olunur, problemlər aradan qalxır. Məsələn, bu yaxınlarda legioner limti ilə bağlı yeni qərar olundu. Çempionatda gərginlik ildən-ilə artır, Premyer Liqa daha maraqlı keçir, "altılığ"a düşmək çətinləşir. İnşallah, bir-iki ilə güclü yerli futbolçular yetişəcək və Premyer Liqa daha maraqlı keçəcək".
Fikrət Hüseynov (AZAL-ın vitse-prezidenti): "PFL-in 4 illik fəaliyyəti bizi 90 faiz razı salır. Bir az "altılıq" sistemindən narazılığımız var idi. Amma neynəyək, çoxluq bununla razıdı. Çalışıb "altılığ"a düşmək lazımdı".
Bəhruz Şirəliyev ("Rəvan"ın vitse-prezidenti): "PFL yaranandan bir xeyli müsbət dəyişikər baş verib. Çempionatın təşkilatçılığı baxımından görülən bütün işlər tədqirələyiqdi. Buna görə də qurumun fəaliyyəti bizi qane edir".
Elmir Əliyev ("Kəpəz"in prezidenti): "PFL-in 4 illik fəaliyyəti bizi qane edir. Ən çox da Premyer Liqada ayın oyunçusunun seçilməsi və əvəzedicilərin çempionatının keçirilməsi bizi razı salır".
Vaqif Əliyev ("Simurq"un icraçı direktoru): "PFL-in fəaliyyətindən razıyıq. İnfrastrukturun qurulması, əvəzedicilərin çemmpionatının təşkili qurumun fəaliyyətinin uğurlu olmasını deməyə əsas verir. PFL yaranandan sonra Premyer Liqa oyunları daha gərgin keçir, təşkilatçılıq yüksək səviyyədədi".
Rasim Əliyev ("Turan"ın icraçı direktoru): "PFL yeni yaradılmış qurumdu. Fuad Musayevin vaxtında belə bir təşkilatı yaratmaq istəsələr də alınmamışdı. Sevindirici haldı ki, bu dəfə alındı. PFL yaranandan müəyyən dəyişikliklər var. Təşkilatçılıq yaxşı səviyyədədi. Qurumun fəaliyyətindən narazılığımız yoxdu. Futbolumuz yüksək səviyəyə çatmasa da, hər halda inkişaf var".
Kamran Quliyev ("Sumqayıt"ın prezidenti): "PFL yeni yaranmış bir qurumdu. PFL-in başında futbolu bilən bir şəxs dayanır, ətrafında isə gənc və təcrübəli kadrlardan qurulmuş kollektiv var. Biz PFL-in işindən razıyıq. Arzu edirik ki, ölkə çempionatının populiarlaşması üçün yeni ideyalar həyata keçirsinlər".
Digər Xəbərlər
2024-12-25 20:42:24
2024-12-25 20:08:19
2024-12-25 18:45:12
2024-12-25 17:50:40
2024-12-25 17:33:22
2024-12-25 11:27:00
2024-12-24 23:55:16
2024-12-24 23:41:31
2024-12-24 23:06:26
2024-12-24 21:50:16
2024-12-24 21:20:12
2024-12-24 20:40:42
2024-12-24 19:58:40
2024-12-24 19:21:08
2024-12-24 18:09:50
2024-12-24 17:55:05
2024-12-24 17:18:37
2024-12-24 16:26:00
2024-12-24 15:32:19
2024-12-24 15:11:45