Bu gün 23 avqust Lənkəranda dövlət müstəqilliyinə qarşı çıxan, dövləti parçalamağa çalışan və vətəndaş müharibəsi törətməyə cəhd edənlərin xalqın birliyi ilə qarşısının alındığı gündür.
"Unikal" xəbər verir ki, 23 avqust hadisələrinin növbəti ildönümü münasibətilə separatçı qüvvələrə qarşı mübarizədə həlak olmuş Lənkərandan olan Milli Qəhrəmanlar Sultanağa Bayramovun, Paşa Təhməzovun və Etibar Əliyevin xatirəsi anılıb.
Anım mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı (ŞİH ) Taleh Qaraşov, ictimai birliklərin, kütləvi informasiya vasitələrinin təmsilçiləri, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib, Milli Qəhrəmanların büstləri önünə güldəstələri qoyublar.
İcra başçısı bildirib ki, məhz Ümummilli Lider Heydər Əliyevin çağırışı ilə lənkəranlılar ayağa qalxaraq Azərbaycanın ərazi bütövlüyünü parçalamağa cəhd edən separatçı qüvvələri darmadağın etdilər. Taleh Qaraşov lənkəranlıların hər zaman dövlətin və dövlətçiliyin yanında olduqlarını, bütün siyasi mərhələlərdə öz prinsipial mövqelərini ortaya qoyduqlarını qeyd edib.
Qəhrəmanların tədbirdə iştirak edən ailə üzvləri çıxışlarında onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevəvə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını vurğulayıblar.
Qeyd edək ki, 23 avqust hadisələri zamanı və 1992-ci ildə Zəngilan rayonunun Qazançı kəndi ətrafında gedən döyüşlərdə həlak olan Milli Qəhrəmanlarımızın büstləri əsaslı şəkildə yenidən qurulmuşdur.