2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 67 saylı Sabirabad seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əhliman Əmiraslanovun ilk dəfə səs verəcək gənc seçicilərlə görüşü keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov diqqətə çatdırıb ki, müstəqillik tariximizdə ilk dəfə olaraq Qarabağla bütövləşmiş Azərbaycanın hər yerində Milli Məclisə seçkilər keçiriləcək. O, Ulu Öndər Heydər Əliyevin hər zaman milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, sağlam gəncliyin yetişməsinə xüsusi diqqət yetirdiyini, bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirildiyini vurğulayaraq bu gün də gənc nəslin xalqımıza məxsus zəngin milli-mənəvi dəyərlər əsasında yüksək vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində uğurlu dövlət siyasəti həyata keçirildiyini, bu seçkilərdə də gənclərimizin YAP-ın namizədini dəstəkləyəcəklərini bildirib.
Çıxış edən deputatlığa namizəd Əhliman Əmiaslanov bildirib ki, Azərbaycan gəncləri yüksək biliklərə, müasir dünyagörüşünə, eyni zamanda, azərbaycançılıq ideyalarına yiyələnməklə ölkəmizin layiqli vətəndaşları kimi formalaşır. “Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Dövlət proqramlarının uğurla icra olunması, kadr islahatları çərçivəsində gənclərə etimad göstərilməsi və digər addımlar cəmiyyətin ən dinamik təbəqəsi olan gənclərin inkişafı, onların ölkəni beynəlxalq müstəvidə təmsil etməsi baxımından əhəmiyyətə malikdir”. Deputatlığa namizəd Əhliman Əmiraslanov çıxışının sonunda gənc seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Daha sonra çıxış edən gənc seçicilər Hüseyn Gözəlov,Rəşad Qurbanov, Lalə Mikayılova və Dəniz Zərbəliyeva YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar. “Gənclərin seçimi dəyişməzdir!”, - deyə bildirilib.
Qeyd edək ki, deputatlığa namizəd Əhliman Əmiraslanovun həmçinin Sabirabad rayonun Kürkəndi, Suqovşan, Qalaqayın və Balakənd kəndlərindən olan seçicilərlədə görüşü keçirilib.