Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi açıqlama yayıb.
Qeyd olunub ki, komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə diplomatik kanallar vasitəsilə sənədlərin əslinin mübadiləsi yolu ilə imzalanıb".
Aparat "Əsasnamənin mətni nə vaxt dərc olunacaq?" sualına cavab olaraq bildirib: "Ölkədaxili koordinasiya prosedurlarının həyata keçirilməsi çərçivəsində gələn bazar ertəsi sənəd müəyyən edilmiş qaydada ictimaiyyətə açıqlanacaq. Əsasnamə Ermənistan qanunvericiliyinə uyğun olaraq hökumətin müzakirəsinə veriləcək, bundan sonra Milli Məclisdə onun ratifikasiyası proseduruna başlanacaq və bu məqsədlə sənəd ilk növbədə Konstitusiya Məhkəməsinə göndəriləcək".
Sərhədin qalan hissələrində demarkasiyanın eyni prinsiplə davam edəcəyi məsələsinə də toxunulub: " Komissiyaların 2024-cü il aprelin 19-da keçirilən görüşlə bağlı press-relizdə deyilir ki, tərəflər demarkasiya prosesində 1991-ci il qanununu rəhbər tutacaqları barədə razılığa gəliblər. Alma Atanın bəyannaməsinə görə, bu əsas prinsip də Əsasnamədə öz əksini tapmalıdır".
Qeyd edək ki, komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb. Hazırda Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar.
Ağarza Elçinoğlu