Nəsillər “böyük nəsil” (1910-1924-cü illər), “səssiz nəsil” (1925-1945-ci illər), “körpə bumer nəsli” (1946-1960-cı illər), “X nəsli” (1961-1980-ci illər), “Y nəsli” (1981-1995-ci illər), “Z nəsli”(1996-2012-ci illər) və Alfa nəsli (2013-cü ildən etibarən)olaraq təsnif olunurlar.
Onların içərisində xüsusilə indiki dövrün gəncləri olan “Z nəsli” olaraq adlandırılan insanlar daha çox müzakirələrə səbəb olur. Onlar dinamik, özlərini ifadə edə bilən, əyləncəli, ağıllı və qıvraq zəkaya malik insanlar kimi xarakterizə olunsalar da, onlar arasında diqqətsiz, aqressiv, əsəbi və azadlıqlarına düşkün olanlar da var. Son dövrlər baş verən cinayət hadisələrində "Z nəsli”nin nümayəndələrinin iştirakına daha çox rast gəlinir.
Bəs görəsən bu nəslin cinayətə yönəlməsinin səbəbi nədir?
İndiki gəncliyin aqressiyası nədən doğur və irəli gəlir?
“Valideynlər uşaqları ilə dost münasibəti qurmağa çalışmalıdır ki, övladlar sıxıntılarını, başlarına gələn çətinliyi öz valideynləri ilə çəkinmədən, qorxmadan bölüşüb onlardan yardım ala bilsin. Valideyn-övlad münasibəti yaxşı olanda uşaq başına gələn hər hansı çətinliyi aradan qaldırmaq üçün çıxış yolu kimi sosial şəbəkələrə və ya hansısa dostuna müraciət etmir, bu çətinliyi valideynləri ilə bölüşməyi seçir”- bunu Narınc Psixologiya Mərkəzinin təsisçi-rəhbəri, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik psixoloq Narınc Rüstəmova “Unikal”-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, nəsillər arasındakı fərqi göstərmək üçün adətən sosial, siyasi və iqtisadi faktorlara diqqət edirlər. Ancaq bunlardan biri də psixoloji faktorlar, yəni nəsillərarası düşüncələrdəki fərq, bu fərqi yaradan səbəblər və insanların psixologiyasıdır. Son vaxtlar bununla bağlı, yəni Z nəsli, yeni dövr uşaqları ilə bağlı bu kimi suallar alırıq: “Son dövrlər baş verən cinayət hadisələrində Z nəslinin nümayəndələrinin iştirakına daha çox rast gəlinir. Bəs bunun səbəbi nədir? İndiki gəncliyin aqressiyası nədən doğur və irəli gəlir? Bu nəslin cinayətə yönəlməsinin səbəbi nədir?”
N. Rüstəmova qeyd edib ki, bugünün uşaqları bir çox cəhətdən əvvəlki nəslin uşaqlarından fərqlənir: "Z nəslindəki bu fərqliliklər də istər valideyn-övlad, istərsə də nəsillərarsı münasibətlərdə anlaşılmazlığa gətirib çıxara bilir. Təbiidir ki, bu problemlərin kökündəki məsələlərdə nəsillərarası yaşanmanın fərqliyi dayanır.
Ümumiyyətlə, 9 yaşdan sonra cinsi yetişkənlik yaşı başlayır və istər hormonların, istərsə də yeniyetməlik dönəminin verdiyi təsirlər sayəsində onlar kiçik bir şeydən belə qıcıqlana və aqressiv reaksiya göstərə bilərlər. Bu dönəmlərdə çevrəsinə, ailəsinə qarşı etiraz etmə, qarşı çıxma, onların fikrinə əks getmə kimi davranışlar da sərgiləməyə başlayırlar. Belə halda isə valideynlər səbirli davranıb, müəyyən mənada güzəştə gedə bilər. 14-16 yaş yeniyetməlikdə “böhran dönəmi” hesab olunur. Belə ki, cinayət hadisələri, özünəqəsd halları bu dönəmdə daha çox olur. Ona görə də psixoprofilaktik tədbirlərin görülməsi, xüsusilə məktəbdə müəllim-şagird-valideyn üçbucağının yaradılması vacibdir. Çox təəssüf ki, uşaq ibtidai sinifdə oxuyarkən məktəbdə keçirilən valideyn iclasında daha çox valideyn iştirak edirsə, bu zaman keçdikcə valideynlərin sayının azalması ilə müşahidə olunur. Yəni artıq övladları böyüdükcə, yuxarı siniflərə keçdikcə valideynlərin iclaslarda iştirakı azalmağa başlayır.
Məktəb dönəmində yeniyetmələrin həmyaşıdları ilə mübahisəsi, davamlı anlaşılmazlıqlar, fiziki güc nümayiş etdirmə, özündən zəif gördüyünə şiddət göstərmə, əks cinsə marağın yaranması və buna görə də xüsusilə oğlan yeniyetmələr arasında davaların, münaqişələrin yaranması çox müşahidə edilən hallar sırasındadır.
Valideynlər uşaqları ilə dost münasibəti qurmağa çalışmalıdır ki, övladlar sıxıntılarını, başlarına gələn çətinliyi öz valideynləri ilə çəkinmədən, qorxmadan bölüşüb onlardan yardım ala bilsin. Valideyn-övlad münasibəti yaxşı olanda uşaq başına gələn hər hansı çətinliyi aradan qaldırmaq üçün çıxış yolu kimi sosial şəbəkələrə və ya hansısa dostuna müraciət etmir, bu çətinliyi valideynləri ilə bölüşməyi seçir.
Həmçinin bildirmək lazımdır ki, yeniyetməlik dönəmi şagirdin həyatının ən vacib və xüsusi diqqət edilməsi gərəkən məqamlarından biri olduğu üçün valideynlər məktəb rəhbərliyi, müəllimlərlə daha çox əlaqədə olmalı və valideyn iclasında iştirak etməlidirlər. Hətta təklif edərdim ki, məktəb rəhbərliyi tərəfindən müəyyən zaman aralığında məktəb psixoloqunun da iştirakı ilə fərdi şəkildə valideynlərlə görüş təşkil olunması problemin həlli yolunda və məktəb-valideyn-uşaq-psixoloq münasibətinin inkişafında gözəl addımlardan biri olar”.
Zərifə Nağıyeva