Bəzi məmur-biznesmenlərə şok xəbər
Onların Bakının mərkəzi yerlərindəki ticarət mərkəzləri köçürüləcək
Bu gün Azərbaycanda, xüsusən də Bakı şəhərində iri ticarət mərkəzlərində təhlükəsizlik tədbirləri görülmür desək, yanılmarıq. Əhalinin ən sıx olduğu bu ərazilərdə ticarətdən və bütün maraqlardan əvvəl əhalinin, həmin obyektin təhlükəsizlik məsələsi önə çəkilməli olduğu halda, bu gün bu məsələ nəinki öndə deyil, heç yada da düşmür.
Çünki, bu gün bazar, ticarət mərkəzi və digər sıxlıq olan obyektlər hansısa bir hadisə törətmək üçün ən asan bir obyektdir. Ona görə ki, hər hansısa bir terror törətmək, iğtişaş yaratmaq istəyən şəxs ölkədə qarışıqlıq etmək üçün ilk olaraq əhalinin gur axın etdiyi obyekti seçir. Ona görə də, bu cür obyektlərin mühafizəsi, təhlükəsizliyi ən azından insanların ziyan çəkməsi üçün önəmlidir.
Ticarət obyektlərinin sahibləri isə bu gün yalnız bir məsələ üzərində fikir formalaşdırır, nə yolla olursa-olsun pul qazanmaq. Onsuz da pulu qazanırlar. Amma, həmin pulu qazandıqları əhalinin təhlükəsizliyi barədə düşünmürlər. Sahibkarlar yalnız nə yolla olursa-olsun gəlirlərini artırmaq, insanları soymaq və biznes imkanlarını genişləndirmək fikrindədirlər. Bu isə onların xeyrinə olsa da, qarşı tərəfin, yəni əhalinin zərərinədir. Ticarət obyektlərində hər hansısa bir təhlükə, qəza, yanğın olarsa, bu hadisələr ən yaxşı halda insanların xəsarət alması ilə nəticələnir. Bu prosesdə ölüm hallarının qaçılmaz olması isə danılmazdır.
Bakıda son illərdə onlarla bu cür hadisələrin şahidi olmuşuq. Bazar və ya ticarət obyektində yanğın hadisəsi baş verib, insanların sıx olduğu vaxtlarda həmin ərazidə hansısa bir qəza baş verib və sair. Hadisə nəticəsində insanların xəsarət alması, bazarda satıcıların mallarının yanması və sair xoşagəlməz hallar məhz həmin ərazidə təhlükəsizlik çıxışlarının olmamasından irəli gəlib. Məsələn, bir müddət əvvəl Bakının ən böyük ticarət mərkəzlərindən sayılan “8-ci km. bazarı”nda bir neçə dəfə bu cür hallar olub. Bazarda hansısa bir mağazada baş vermiş qısaqapanma zamanı onlarla mağaza yanıb, mağaza sahiblərinə külli miqdarda ziyan dəyib. Amma, sonda günah yenə mağaza icarədarının və ya sahibinin üzərinə yıxılıb. Nə bazar rəhbərliyi məsuliyyətə cəlb edilib, nə də dəymiş ziyan ödənilib.
Ən ilginci isə odur ki, şəhərin ən sıx yerlərindən biri olan Nəsimi rayonu ərazisində yerləşən, hətta yaşayış binalarına bitişik olan bu bazarda da təhlükəsizlik çıxışları yoxdur. Bazarın hətta açıq ərazilərində də təhlükəsizlik çıxışlarına piştaxtalar düzülüb ki, bu da bazardakı alverçilər və müştərilər üçün real təhlükə deməkdir. Yəni gündüz saatlarında burada baş verən hər hansısa bir yanğın və digər qəza hadisəsi zamanı onlarla insanın həyatının təhlükə altında olacağı qaçılmazdır.
Müşahidələr isə göstərir ki, bu cür hallar Bakıdakı əksər ticarət obyektlərində bu vəziyyət hökm sürür. Belə ki, oxşar təhlükəli vəziyyət Bakı şəhərinin bütün küçə və meydanlarında fəaliyyət göstərən ticarət obyektləri və mağazalara da aiddir. Heç kimə sirr deyil ki, bu gün Bakı şəhərinin bütün küçə və meydanları, istisnasız olaraq butun yaşayış evlərinin birinci mərtəbələri ticarət obyektlərinə çevrilməkdədir. Bakı şəhəri özü boyda bir bazara çevrilib. Bu ticarət mərkəzlərinin heç olmasa ən elementar yanğından mühafizə qaydalarına əməl olunması belə təmin olunmur. Bu obyektlərdə vaxtı ilə mövcud olmuş bütün yanğınsöndürmə keçidləri qapanıb.
Yaranmış problemin yoluna qoyulmasına isə haqqında danışılan iri ticarət mərkəzlərinin arxasında bəzi məmurların dayanması, onların bu obyektlərə himayəçilik etməsi, bunun da belə ticarət mərkəzlərinə qeyri-rəsmi “toxunulmazlıq” haqqı verməsidir.
Amma deyəsən, bizi qarşıda iri ticarət mərkəzləri ilə bağlı olduqca mühüm qərar verilməsi gözləyir. Bəzi mənbələrin iddiasına görə, arxalarındakı məmur-biznesmenlərin müqavimətinə baxmayaraq, Bakının mərkəzi ünvanlarındakı iri ticarət mərkəzlərinin böyük bir hissəsinin paytaxtdan kənara köçürülməsi məsələsi müzakirə olunur. Bu, həm şəhərdə nəqliyyatın hərəkətinin genişlənməsi, həm paytaxtın görünüşünün müasirləşdirilməsi, həm də bir çox real təhlükələrin (məsələn, yuxarıda haqqında danışdığımız yanğın riskindən qorunmaq, bu cür halları minimum itki ilə yola vekrmək) önlənməsi ilə əsaslandırılır.
Biznesmen-məmurlar sözügedən təşəbbüsün reallaşmasında maraqlı deyillər, çünki bu, onlar tərəfindən bizneslərinin prestijinin aşağı düşməsi və gəlirlərinin azalması kimi yorulur. Amma qaynaqlar bildirirlər ki, məmur-biznesmenlərin çətin ki, müqaviməti bir müsbət nəticə versin. Yəni, şəhərin mərkəzində iri ticarət mərkəzləri (bura bəzi bazarlar da daxildir) dövrü sona yaxınlaşmaqdadır.
Azər Aslan
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50