Sentyabrın 3-4 tarixlərində respublikanın bəzi bölgələrində isti hava şəraitinin hökm sürəcəyi gözlənilir.
"Unikal" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov bildirib.
O qeyd edib ki, isti hava şəraitində yanğına həssas bölgələrdə, təbiət ərazilərində, xüsusən meşə sahələrində yanğın təhlükəsi ehtimalı artır.
Ə. Əsgərov xidmət tərəfindən respublika ərazisində yanğına həssas bölgələrin yanğın indeksinin hazırlandığını və riskli istiqamətlərin müəyyən olunduğunu da açıqlayıb.
“Yanğın indeksi Gəncə-Qazax bölgəsində Gəncə, Tovuz, Şəmkirdə yüksək, Ağstafa, Tərtər, Naftalan, Ağdamda isə çox yüksək, Balakən-Şəki bölgəsi üzrə Oğuz, Qəbələdə yüksək, Şəkidə isə çox yüksək, Quba-Xaçmaz bölgəsində Xızıda yüksək, Quba, Qusar, Şabranda isə çox yüksək, Dağlıq Şirvan bölgəsi üzrə Şamaxıda yüksək, İsmayıllı, Qobustanda isə çox yüksək, Lənkəran-Astara bölgəsi üzrə Lənkəran, Astarada yüksək, Yardımlıda isə çox yüksək, Naxçıvan MR-da Ordubad, Naxçıvan, Şərur, Şahbuz, Culfada çox yüksək müəyyən edilib”.
Xidmət rəsmisi vətəndaşları təbiətdə, xüsusən meşə və ot örtüyü olan yerlərdə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, təbiətdə təsərrüfat işləri apararkən və ya istirahət edərkən mütləq qaydada odla ehtiyatlı davranmağa çağırıb.
***
Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Bu barədə "Unikal" a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.