Şabran rayonu ərazisində yol nişanı və radar arasında uyğunsuzluğun olması ilə bağlı iddia irəli sürülüb.
Bu barədə "Unikal"a müraciət edən sürücü Hidayət Süleymanov iddia edib ki, sözügedən uyğunsuzluğa görə iki dəfə radara düşüb.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev məsələ ilə bağlı "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, həmin videogörüntüdə konkret faktlar təqdim olunmayıb.
"Bəzən insanlar populyarlıq və digər şəxsi maraqlar üçün digər hərəkət iştirakçılarında çaşqınlıq yaradan informasiya yayırlar. Faktiki olaraq, həmin görüntüdə şəxsin ancaq səsi eşidilir və özünün naviqator tətbiqindəki göstəriciləri heç bir şəkildə təqdim etmir.
Həmin ərazidə sürətölçən xüsusi texniki vasitə ilə quraşdırılmış yol nişanı arasında ziddiyət varsa, həmin şəxs rəsmi müraciət edə bilər. Təbii ki, həmin fakt araşdırılacaq və məsələyə hüquqi qiymət veriləcək.
Bundan əlavə, dəfələrlə müşahidə olunub ki, müxtəlif naviqasiya sistemləri mütamadi olaraq yenilənməməsi səbəbindən yanlış məlumat verə bilir. Buna görə də tövsiyə edirik ki, sürücülər əlavə qurğulara yox, quraşdırılmış yol-hərəkət nişanlarına etibar etsinlər", - Mübariz Ağayev qeyd edib.
Qeyd edək ki, H.Süleymanov radarlara düşdüyünü təsdiq edəcək cərimələri göndərməkdən imtina edib. O, qanunsuz hesab etdiyi cərimələri artıq ödədiyini deyib.
Ağarza Elçinoğlu
Quba-Xaçmaz yolundakı radarla yol nişanı arasında uyğunsuzluq var? pic.twitter.com/0jeA0Adtvq
— Unikal.az (@UnikalOrgPortal) September 2, 2024