Bəzi media orqanlarında Masallı rayonundan Bakıya istirahətə gələn gəncin kanalizasiya quyusuna düşərək xəsarət aldığı ilə bağlı dəqiqləşdirilməmiş və yanlış məlumat yayılıb.
"Unikal" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
"Azərbaycan prospekti 57 A ünvanı Yasamal rayonu ərazisində yerləşir. Rayon sukanal idarəsinin əməkdaşları hadisə yerindən videoməlumat hazırlayıblar. Məlum olub ki, “kanalizasiya quyusu” kimi təqdim olunan quyu kabel-kanal quyusudur, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin fəaliyyət sferasına aid deyil, hadisənin Xidmətlə heç bir əlaqəsi yoxdur. Xahiş edirik, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə aid olduğu iddia edilən bütün mövzuları dəqiqləşdirmək üçün məlumatı yaymadan öncə qarşı tərəfin - qurumun mövqeyi öyrənilsin.
Qeyd edək ki, hadisə 3 sentyabr günorta saatlarında Azərbaycan prospekti 57 A ünvanında baş verib. Zərərçəkənin sözlərinə görə, kanalizasiya quyusunun qapağı olsa da, qırıq olub. Daha sonra həmin qapağın üstündən keçərkən içinə düşüb. Nəticədə müxtəlif bədən xəsarətləri alıb.