Ötən gün Sabunçu Tibb Mərkəzinin həyətindəki xoşagəlməz mənzərə ilə bağlı xəbər yayımlamışdıq. Fotolarda çarpayıların və tibbi avadanlıqların səliqəsiz şəkildə tibb müəssisəsinin həyətinə yığıldığı aydın görünürdü.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu Tibb Mərkəzində son zamanlar köklü islahatlar və yenidənqurma işləri aparılır:

"Yeni qurulan Cərrahi reanimasiya şöbəsi, Əməliyyat bloku həmçinin Şüa-diaqnostika şöbəsi sözügedən islahatlara nümunədir.

Hazırda təmir-bərpa işləri hələ də davam etdirilir. Bu səbəblə mərkəzdə tibbi avadanlıqların, qurğuların, çarpayıların və digər vasitələrin faktiki vəziyyətinin yoxlanılması, qiymətləndirilməsi üçün inventarizasiya aparılır. Nəticədə istifadə müddəti bitmiş, istismara yararsız olan tibbi avadanlıqlar, əşyalar, çarpayılar şöbələrdən çıxarılaraq utilizasiya prosesinə hazırlanır. Sözügedən fotolarda yer alan qurğular da bu kimi qrupa aiddir və yaxın günlərdə mərkəzin həyətindən çıxarılaraq ləğvə göndəriləcəkdir", - deyə məlumatda qeyd olunub.

Murad İbrahimli