Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, “Premium Bank” ASC-də filial müdiri işləyən Məmmədxanova Nəzakət Şərəf qızı bu ilin may ayının 8-dən 23-ü tarixinə kimi işlədiyi 5 saylı filialın 461 min 170 manat pulunu qulluq mövqeyindən istifadə edərək mənimsəyib.
“Unikal”ın əldə etdiyi məlumata görə, bu işdə ona həmin filialın baş xəzinədarı işləyən Əliyeva Samirə Novruz qızı kömək edib. Yəni fiziki şəxsin hesabına pulun sistem üzərindən köçürülməsi pul xəzinəyə fiziki şəxs tərəfindən real təqdim edildikdən sonra xəzinədar tərəfindən təsdiq edilməli olduğu halda, faktiki olaraq filialın kassasına nağd pul vəsaitini mədaxil etməyərək pulun kassaya mədaxil olunmasına dair yalan məlumatlar daxil etdikləri mədaxil qəbzlərini tərtib edərək Nəzakət Məmmədxanova və Samirə Əliyeva tərəfindən imzalanmaqla sistem üzərindən köçürülməsini filial müdiri təsdiq edib. Beləlilkə Nəzakət Məmmədxanova 32 mədaxil qəbzi əsasında 461 min 170 manat pulu bankda olan özünə məxsus hesab nömrəsindən “M10” proqram təminatında istifadəsində olan mobil nömrə vasitəsilə ayrı-ayrı şəxslərdən kriptovalyuta alaraq internet üzərindən kritovalyuta alqı-satqısının həyata keçirildiyi “Binance.com” internet saytında öz hesabına yerləşdirib.
Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs Nəzakət Məmmədxanova istintaqa ifadə verən zaman özünü təqsirli bilərək qeyd edib ki, 2002-ci ildən bank sektorunda işləsədə “ Silkvay” ASC bankında 2015-ci ildən fəaliyyətə başlayıb. “Premium Bank”ın filial müdiri vəzifəsinə isə 01.03.2024-cü ildə bankın idarə heyətinin sədri Kamil Lətifovun əmri ilə təyin olunub. 2024-cü ilin aprel ayında isə xarici mobil nömrədən Artyom Romanov adlı şəxs onun mobil nömrəsinə zəng edərək kriptovalyuta birjasında iştirak etməyi təklif etmiş. Belə ki, Artyom Romanov Nəzakət Məmmədxanovaya çoxlu pullar qazanacağına dair vədlər vermiş. Bunun üçün Main Capital.com saytında, əlavə olaraq binanse.com saytında və Azərbaycanda fəaliyyət göstərən M10 proqramında öz kartını qeydiyyatdan keçirməli olduğunu bildirib. Artyom həmçinin broker olduğunu və broker kimi həm kritovalyutadan istifadə etməklə investisiya qoyuluşunda kömək edəcəyini, bu sahədə müxtəlif biznes sahələrinə kriptovalyuta şəklində pul qoyuluşundan yüksək məbləğdə gəlir əldə ediləcəyini bildirib. Nəzakət Məmmədxanovada Artyomun vədlərinə inanaraq teledonuna M10 proqramını yükləyərək Premium bankda olan plastik kartını həmin proqramdan qeydiyyatdan keçirmişdir. İlkin olaraq öz yaxınlarından borca pul tapıb kartına yükləmiş və Artyom Romanovun vasitəsilə müxtəlif gəlir əldə etmişdir.
A.Romanov gəlirin necə asan əldə edildiyini göstərməkdən ötrü 200 ABŞ dollarını hesabından çıxarmağıda göstərmiş. Beləliklə, Nəzakət Məmmədxanova ümumilikdə Premium bankdan 32 mədaxil qəbzi əsasında 461170 manat pul vəsaitini bankın kassasına mədaxil etmədən mədaxil qəbzləri əsasında öz plastik kartına və cari hesablara köçürmüşdür. Bir müddətdən sonra pulunu saytlar qaytarmadığını görəndə real vəziyyət barədə bankın rəhbərliyinə özü məlumat verib. Hətta hadisələri özündə olmayıb törətdiyinə görə 2 saylı Psixatriya xəstəxanasında da müalicə alıb.
Cinayət Məcəlləsinin 32.5, 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən digər şəxs- Samirə Əliyeva da istintaqa verdiyi ifadəsində özünü qismən təqsirli bilib. Belə ki, 2019-cu ildən 2024-cü ilə kimi Premium bankın 5 saylı filialında xəzinədar, bu ilin may ayının 1-dən isə baş xəzinədar vəzifəsində çalışıb. Bu ilin may ayının 8-də Nəzakər Məmmədxanova əlində mədaxil qəbzi ilə Samirə Əliyevaya yaxınlaşaraq qəbzdə göstərilən vəsaiti rəhbərliyin xəbəri olmaq şərti ilə onun plastil kart hesabına köçürməyi bildirib. Nəzakət Məmmədxanova filial müdiri kimi rəhbəri olduğundan pul kassaya mədaxil olmadan onun plastik kart hesabına qəbzdə göstərilən vəsaitin köçürülməsini təsdiq etmişdir. Beləliklə 15 gün ərzində eyni qayda ilə 461170 manat pulu real mədaxil olmadan Nəzakət Məmmədxanovanın bank kartına və cari hesabına köçürmüşdür. Filialın kassasının açarı ancaq məsul şəxs kimi filial müdiri və baş xəzinədarda olur. Nəzakət Məmmədxanovanın pulu hansı istiqamət üzrə xərclədiyindən məlumatı olmayıb.
Qeyd edək ki, hazırda Nəzakət Məmmədxanova və Samirə Əliyeva barəsində olan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə araşdırılır. Cinayət işində “Premium Bank” zərərçəkmiş qismində tanınır.
Seymur Əli