Bakı Mühəndislik Universiteti (BMU)  ilə  Təhsilin İnkişafı Fondu arasında (TİF) “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb. 

"Unikal" xəbər verir ki, sənədi BMU-nun rektoru Yaqub Piriyev və Fondun  İdarə Heyətinin sədri Elnur Nəsibov imzalayıblar.  

Tədbirdə vurğulanıb ki, “TələbəPlus” layihəsi TİF, Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin əməkdaşlığı çərçivəsində gerçəkləşdirilir və vahid tələbə kartlarının tətbiq edilməsini nəzərdə tutur. Builki tədris ilindən etibarən tətbiq olunan vahid tələbə kartı universitetə giriş-çıxış, debet, ödəniş kartı kimi istifadə ilə yanaşı, tələbələrə endirim, güzəşt və kəşbək imkanları təklif edir. 

Rektor Yaqub Piriyev dünya təcrübəsində rast gəlinən belə sosialyönümlü layihələrin Azərbaycanda da  tətbiq olunmasını böyük nailiyyət kimi qiymətləndirib. Bildirib ki, tələbələrə sosial dəstək xarakterli ideya və təşəbbüblərə hər zaman ehtiyac var və onların reallaşması üçün atılan bütün addımlar təqdirəlayiqdir. Layihədən ölkənin bütün universitet tələbələrinin yararlanması üçün atılan addımları müsbət dəyərləndirən BMU rektoru “TələbəPlus” kartından tələbələrin məmnun qalacağına əminliyini söyləyib.

TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov layihənin necə ortaya çıxması, bunun üçün aparılan danışıqlar barədə məlumat verib. BMU-nun müqavilənin imzalandığı ilk ali təhsil ocaqlarından biri olduğunu önə çəkən, eyni zamanda layihənin bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək məqsədilə həyata keçirildiyini deyən Fond rəhbəri ilkin olaraq 150 min tələbə kartının istifadəyə verilməsinin planlaşdırıldığını qeyd edib. E.Nəsibov alış-veriş mərkəzlərində və tələbələrin ən çox istifadə etdiyi müxtəlif iaşə obyektlərində onlara özəl güzəştlər olunması üçün Fondun öz tərəfdaşları ilə birlikdə 200-dən artıq şirkətlə razılaşma əldə etdiyini diqqətə çatdırıb. Bildirib ki, Mədəniyyət Nazirliyi ilə ilkin anlaşmaya əsasən, muzeylər, qalereyalar və sərgi salonlarında da tələbələr üçün xüsusi güzəştlər tətbiq ediləcək. E.Nəsibov tələbələrə güzəştlərin əhatə dairəsinin gələcəkdə genişləndiriləcəyini sözlərinə əlavə edib.      

Sonra tədbirdə BMU ilə TİF arasında gələcək əməkdaşlığın əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.