"Əvvəlki təcrübədən fərqli olaraq əməliyyatın günorta saatlarında və əlverişsiz hava şəraitində başlaması qəfilliyi təmin etdi. Həmçinin qoşunlarımızın sürətlə irəliləyərək Qarabağ iqtisadi zonasında əsas kommunikasiya yollarını, xüsusilə də Ağdərə-Xankəndi və Xocavənd-Xankəndi yollarını nəzarətə götürməsi düşməni manevr imkanlarından məhrum etdi, Xankəndi şəhərinin həm qərbdən, həm də şərqdən dövrələnərək mühasirəyə alınması düşmənin müqavimət gücünü azaltdı və əzmini tam qırdı".
"Unikal" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Anar Eyvazov 2023-cü ildə həyata keçirilən uğurlu antiterror əməliyyatının təfərrüatlarından danışarkən deyib.
"Antiterror əməliyyatını fərqləndirən, mən deyərdim ki, unikal edən faktorlardan biri də odur ki, kütləvi atəş zərbəsi zamanı qanunsuz silahlı qruplaşmalara məxsus bütün hərbi infrastruktur obyektlərinə, atəş və döyüş mövqelərinə həm eyni anda, həm də qarşılıqlı əlaqə şəraitində güclü atəş zərbəsinin endirilməsi düşməndə şok effekti yaratdı.
Əməliyyat zamanı arsenalımızda olan yüksək dəqiqliyə malik ən müasir silahların və REM vasitələrinin effektiv tətbiqini də xüsusi qeyd etmək istərdim. İlk növbədə düşmənin hava hücumundan müdafiə və REM vasitələrinin, idarəetmə orqanlarının və bütünlükdə idarəetmə sisteminin sıradan çıxarılması müqavimət göstərməyə çalışan qüvvələrin idarəetməsini iflic vəziyyətinə saldı ki, bu da bölmələrimizin sürətlə irəliləməsini və operativliyi təmin etdi.
Sadə dillə desək, düşmənə gözünü açmağa, başını qaldırmağa imkan vermədik. Bölmələrimizin eyni vaxtda, güclü və dəqiq atəş dəstəyi ilə 13 istiqamətdə irəliləməsi Ermənistan silahlı birləşmələrinin qalıqlarının komandanlığını və separatçı rejimin rəhbərliyini çaşdırdı və qərarsızlıqlarına səbəb oldu. İdarəetməni itirən, əlavə güc və qüvvə cəlb etməyə imkan tapmayan düşmən qüvvələri isə döyüş ruhu yüksək olan Azərbaycan Ordusunun bölmələri tərəfindən ya zərərəsizləşdirildi, ya da silah-texnikasını ataraq qaçmağa məcbur edildi. Sonrakı hadisələrdən isə ictimaiyyət məlumatlıdır".