Əlcəzair Xalq Demokratik Respublikasında növbədənkənar prezident seçkiləri keçirilir.

"Unikal" TASS-a istinadən xəbər verir ki, Konstitusiya Məhkəməsi üç namizədi qəbul edib: Sosialist Qüvvələr Cəbhəsindən Yussef Auşiş, mötədil islamçı Sülh Uğrunda Hərəkat Partiyasından Əbdüləli Həsəni Şerif və müstəqil namizəd kimi irəli sürülən hazırkı dövlət başçısı Əbdülməcid Tebbun. Qalib 5 il müddətinə prezident mandatı alacaq.

Respublika hakimiyyəti mart ayında növbədənkənar seçkilərin keçiriləcəyini elan edib. Növbəti seçkilər dekabrda keçirilməli idi. 

Dövlət başçısı ümumi səsvermə yolu ilə seçilir. Qələbə qazanmaq üçün namizəd 50%-dən çox səs toplamalıdır. Namizədlərdən heç biri bu həddi aşa bilməsə, iki həftə sonra birinci turda ən çox səs toplayan iki namizəd arasında ikinci tur keçirilir.

Əhalisi 45 milyonu keçən Əlcəzairdə 24 milyondan çox seçicinin seçkilərdə səsvermə hüququ var. Seçki prosesinə Müstəqil Milli Seçki Orqanları nəzarət edir və seçkilərin nəticələrini Konstitusiya Məhkəməsi elan edəcək.