Sabunçu rayonunda Bakı Şəhəri üzrə Təhsil idarəsinin tabeçiliyində olan 310 saylı uşaq bağçasının işdən çıxarılan direktoru məhkəməyə müraciət edib.

“Unikal”ın məlumatına görə, Hüseynova Humay Ramiz qızı Bakı Şəhəri üzrə Təhsil idarəsindən şikayət edərək işə bərpa olunması və əmək haqqının ödənilməsini tələb edir. Məhkəmə prosesinin hazırlıq iclası sentyabrın 9-da Nəsimi Rayon Məhkəməsində hakim Əfsanə Heydərovanın sədrliyi ilə keçiriləcək. 

Xatırladaq ki, bu ilin iyul ayında sosial şəbəkələrdə Sabunçu rayonundakı uşaq bağçalarından birində azyaşlının tərbiyəçi tərəfindən döyülməsini əks etdirən görüntülər yayılıb. Azyaşlının anası bildirib ki, onun özü də övladının döyülməsi haqqında məlumatı sosial şəbəkə vasitəsilə öyrənib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) də araşdırmalara başlayıb. Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, bağça rəhbərliyi və tərbiyəçi polisə dəvət olunublar.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) isə bildirilib ki, 310 nömrəli bağçada tərbiyəçi-müəllimin uşağa qarşı uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb.

Təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib. Həmçinin Əmək məcəlləsinin müvafiq maddəsinə əsasən bağça müdirinin səlahiyyətlərinə də xitam verilib.