Metabolizm bədənimizin enerji istehsal və istifadə sürətini təyin edən əsas prosesdir. Sürətlənmiş maddələr mübadiləsi, çəkiyə nəzarətdən tutmuş enerjili hisslərə qədər bir çox müsbət təsirlər təmin edir.

"Unikal” maddələr mübadiləsini sürətləndirən qidaları təqdim edir:

Qəhvə
Qəhvənin tərkibində kofein olduğu üçün maddələr mübadiləsini müvəqqəti sürətləndirə bilir. Kofein termojenik təsiri ilə bədən istiliyini artırır, həmçinin, müddətli metabolik sürətlənmə enerji sərfini artıra bilir. Kofein məşq zamanı da daha çox kalori yandırmağa kömək edir bununla da, maddələr mübadiləsini artırır. Həddindən artıq kofein qəbulu bəzi insanlarda yuxusuzluq və ürək döyüntüsü kimi problemlərə səbəb ola bilir. Buna görə həddindən artıq istehlakdan qaçmaq lazımdır.

Ağ çay
Bütün çayların tərkibində kofein var. Ağ çayın tərkibində də kofein vardır ki, bu da maddələr mübadiləsini bir müddət sürətləndirə bilir. Ağ çay antioksidanlarla zəngindir. Antioksidanların hüceyrə zədələnməsinin qarşısını aldığı və ümumi sağlamlığı dəstəklədiyi məlumdur. Ağ çayın tərkibində L-theanine adlı amin turşusu var. Bu amin turşusu kofeinin stimullaşdırıcı təsirlərini modullaşdıra və sakitləşdirici təsir göstərə bilir. Bu şəkildə stress hormonlarının azalmasına səbəb olur və maddələr mübadiləsinin effektiv işləməsinə töhfə verir.

Kefir
Kefir probiotik bakteriya və mayaları ehtiva edərək bağırsaq mikrobiotasını dəstəkləyir. O, bağırsaq sağlamlığını qorumağa, həzm sisteminin daha yaxşı işləməsinə və maddələr mübadiləsinin tənzimlənməsinə kömək edir. Bəzi tədqiqatlar göstərib ki, kefirin müntəzəm olaraq istehlak edilməsi insulinə həssaslığı artırır ki, bu da enerji mübadiləsinə müsbət təsir göstərir. İnsulin bədəndə şəkərin hüceyrələrə daxil olmasını tənzimləyən bir hormondur. Kefir aşağı kalorili protein və qida mənbəyi olduğu üçün toxluq hissini artıra bilir.

Yulaf
Yulaf əzməsi özündə kompleks karbohidratları ehtiva etdiyindən və beta-qlükan adlı daha çox həll olunan lifdən ibarət olduğundan, həzmi yavaşlatır və insana toxluq hissi verir.

Çia toxumları
Çia toxumları həll olunan və həll olunmayan liflər və zülallarla zəngindir, bu da həzmi yavaşlatır və daha uzun müddət toxluq hissi yaradır. Həm də bağırsaq hərəkətlərini tənzimləməyə kömək edir. Çia toxumları həmçinin suyla birləşdikdə şişir və bu da mədədə toxluq hissinin yaranmasına səbəb olur.

Zərifə Nağıyeva