Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 9-29 sentyabr tarixlərində arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkası keçirilir.
"Unikal" xəbər verir ki, yarmarka hər gün saat 09:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyətdə olacaq.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılan məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayıb.
Xatırladaq ki, yarmarkaya qeydiyyat onlayn şəkildə bal.kendden.az saytı vasitəsi ilə 29 iyul saat 08:00-dan 2 avqust saat 20:00-dək həyata keçirilib. Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılıb.
Yarmarkada iştirak üçün hər bir arıçıya 2024-cü il iyulun 26-dək arıçılıq təsərrüfatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 40 arı ailəsinə malik olması tələbi qoyulub. Hər arıçı yarmarkaya maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilib.