Elmin inkişafı ilə bağlı yeni dövlət proqramı üzərində çalışırıq.

"Unikal" xəbər verir ki, bu barədə Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, bu Forum Azərbaycan elminin inteqrasiya nəticəsində inkişafına böyük töhfə verəcək.

“Azərbaycan elmi ciddi bir transformasiyadan keçib. Azərbaycan elminin göstəricisi, təbii ki, müasir dövrdə rəqəmlər ola bilər. Bu rəqəmlər kifayət qədər ürəkaçan deyil. Bunun obyektiv və subyektiv səbəbləri var. Biz bütün elmi məsələlər ilə eyni anda məşğul ola bilmərik. Bunu da müəyyən etmək üçün alimlərin fikri önəmlidir. Buna görə də bu forumun işi sözügedən mövzuda çox faydalı olacaq. Elə peşəkar alimlər var ki, cəmiyyət olaraq biz onların adlarını bilmirik”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Forumda dünyanın 23 ölkəsindən 80-dən çox azərbaycanlı alim, ümumilikdə isə 200-dən çox yerli və xarici alim iştirak edir.