“Sülh yollarının kəsişməsi” layihəsi təkcə Ermənistanla Azərbaycan arasında regional kommunikasiyaların: dəmir yolları, avtomobil yolları, mümkün qaz kəmərləri, kabellər, elektrik xətlərinin açılmasını nəzərdə tutmur, həm də belə bir inkişafın Ermənistan və Türkiyə arasında da baş verməsini nəzərdə tutur.
"Unikal" xəbər verir ki, bunu İrəvan Dialoqu forumunun açılışında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Baş nazirin sözlərinə görə, “Sülh yollarının kəsişməsi” İrəvan üçün vacibdir: "Çünki bu layihə ilə İran, Türkiyə, Avropa və Rusiya ilə dəmir yolu əlaqəsi əldə etmək imkanı əldə edirik. Təbii ki, Azərbaycanın da Ermənistan vasitəsilə Türkiyə və İranla dəmir yolu əlaqəsi yaratmaq imkanı var. Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında Ermənistan ərazisindən keçən yol əlaqəsi də burada mühüm əhəmiyyət kəsb edir. Biz bu cür kommunikasiyaları təqdim etməyə hazırıq.
Amma onu da qeyd edək ki, Naxçıvan bu gün nəqliyyat əlaqəsindən məhrum deyil, çünki Naxçıvan həm İran, həm də Türkiyə ərazisi vasitəsilə xarici dünya ilə əlaqə saxlamaq imkanına malikdir. Biz istənilən vaxt bu layihənin həyata keçirilməsinə başlamağa hazırıq".
Paşinyan həmçinin bildirib ki, bu prosesə bəzi tərəfdaşlar mane olur: "Xüsusən də “Sülh yollarının kəsişməsi” layihəsinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın məntiqinə nə dərəcədə uyğun olması məsələsi çox müzakirə olunur. Üçtərəfli bəyanatda bu kommunikasiyaların təhlükəsizliyinin üçüncü qüvvə və ya üçüncü ölkə tərəfindən təmin edilməli olduğunu ifadə etməyə cəhd edilir. Belə bir təsəvvürün reallıqla heç bir əlaqəsi yoxdur".
O, 9 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndinə istinad edərək, Ermənistan Respublikası ərazisində kommunikasiyaların açılmasının təhlükəsizliyinin təminatçısı rolunun Ermənistan Respublikasına aid olduğunu vurğulayıb: "Noyabrın 9-da qəbul edilmiş üçtərəfli bəyannaməyə istinad edərək, bəzi beynəlxalq tərəfdaşlar üçtərəfli bəyannamədə olmayanı təqdim etməyə çalışırlar. Və elə bir müddəa yoxdur ki, Ermənistan hər hansı bir ərazidə başqa ölkənin nəzarətində olsun, belə bir müddəa ümumiyyətlə yoxdur".
Ağarza Elçinoğlu