Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası prosesində əhəmiyyətli dəyişiklik olduğunu bəyan edib.
"Unikal" xəbər verir ki, bu barədə baş nazir “İrəvan dialoqu” adlı konfransda çıxışı zamanı danışıb.
"Bu dəyişiklik Ermənistan və Azərbaycanın sərhəd delimitasiyası komissiyalarının birgə fəaliyyət haqqında əsasnamə imzalaması ilə ifadə olunur. Həmin reqlamentdə bu il aprelin 19-da komissiyaların 8-ci iclasının yekunu üzrə dərc olunan mesajda tərəflərin elan etdikləri öz əksini tapıb. Başqa sözlə, Alma-Ata bəyannaməsi sərhədin delimitasiyası prosesinin əsas prinsipi kimi qeyd olunur və bildirilir ki, tərəflər sərhədin delimitasiyası prosesində Alma-Ata bəyannaməsini rəhbər tutacaqlar", - Paşinyan qeyd edib.
Onun sözlərinə görə, hazırda Ermənistan və Azərbaycanda reqlamentin razılaşdırılması üzrə daxili prosedurlar aparılır: "Əminəm ki, Ermənistanda biz bunu başa çatdırmaq üçün hər şeyi edəcəyik. Hökumətimiz layihəni qəbul edib və onun Konstitusiyaya uyğunluğunu yoxlamaq üçün Konstitusiya Məhkəməsinə göndərib".
Ağarza Elçinoğlu