Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs Həsən Həsrətovun növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, ilk olaraq təqsirləndirilən şəxsin həyat yoldaşı Fidan xanım şahid qismində ifadə verib: "Həsən bu cinayəti əvvəldən planlaşdırmamışdı, Rasimlə münasibətləri normal olub. Dünyasını dəyişən qardaşım Rasimin oğlu Süleyman evdə özünü yaxşı aparmırdı, istədiyini edirdi, danışırdı. Hesab edirdi ki, hər şeyi düz edir. Əslində müəyyən müddət ərzində yığılan emosiyaların nəticəsi oldu, stəkan doldu daşdı. Həsənlə Süleyman bir ildir ki, danışmırdılar. Həsən Süleymana həmin gün bir-iki şillə vurdu, deyəsən əlbəyaxa olmuşdular. Mən həyat yoldaşımla atamın evində qalırdıq. Süleyman qardaşım Rasimə gedib dedi ki, Həsən məni döyüb. Ondan sonra Rasim gəldi Həsənlə söhbət etdi. Sonra Həsən evə qayıtdı, 2 balaca çanta ilə çıxdı evdən, dedi 1 aya çıxacam bu evdən, taksi çağırmışdı. Üstündən 3-4 dəqiqə keçdi Süleyman zəng elədi anamın telefonuna ki, "Biz xəstəxanadayıq. Həsən Rasimi vurub. Onların münasibəti heç vaxt pis olmayıb". Rasimin ailəsi ilə münasibətlərə gəldikdə isə, mən qardaşımın yoldaşı ilə danışıram, amma Süleyman ilə yox. Mən hesab edirəm ki, uşaq valideyinin yanında qalmalı idi. 1-ci mənlə Həsən yaşayıb atamın evində, 5 ay sonra Süleyman gəlib orda yaşayıb. Hətta Süleyman babasının evində qalanda dayısını döyüb. Mən dəfələrlə Süleymana deyirdim ki, bircə aya çıxıb gedəcəyik.
Məhkəmə prosesi 1 oktyabr tarixinə kimi təxirə salınıb.
Xatırladaq ki, ağır cinayət ötən il dekabrın 2-də gecə saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində baş verib.
Əraziyə gələn əməliyyat qrupu müəyyən edib ki, 45 yaşlı Rasim Zamanovu qətlə yetirməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçıb. Aparılan araşdırmalarla 1980-ci il təvəllüdlü Həsən Həsrətovun aralarında yaranmış mübahisə zamanı qohumu Rasim Zamanova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Məlumata görə, 43 yaşlı Həsən Həsrətov Rasim Zamanovun qayınıdır. O, keçirilən əməliyyat-axtarış tədbirləri ilə səhərə yaxın saxlanıb.
Qonşuların sözlərinə görə, həmin şəxs cinayət törətdiyi ərazidə kirayədə yaşayıb.
Faktla bağlı Həsən Həsrətov barəsində 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Seymur Əli