Serbiya prezidenti Aleksandr Vuçiç 72 saat ərzində Kosovo məsələsində baş verən son hadisələrlə bağlı mühüm açıqlamalar verəcəyini bildirib.
"Unikal" xəbər verir ki, Vuçiç paytaxt Belqradda Avropa İttifaqının (Aİ) Belqrad-Priştina dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak və ABŞ-nin Belqraddakı səfiri Kristofer Hill ilə görüşündən sonra mətbuata açıqlama verib.
Kosovonun şimalında fəaliyyət göstərən 5 Serb bələdiyyə binasının bağlanması ilə başlayan və iki ölkəni bir daha üz-üzə gətirən gərginliyə işarə edən Vuçiç, “Kosovonun addımlarına beynəlxalq reaksiyalar oldu, amma konkret bir şey yoxdur. Kosovonun şimalında serb əhaliyə qarşı hücumlardan sonra Serbiyanın verdiyi ciddi qərarlar və gözləntiləri ilə bağlı 72 saat ərzində ictimaiyyətə müraciət edəcəyəm. Əhəmiyyətli açıqlamalar verəcəyəm", - deyib.
Serbiyanın hər zaman dialoqa açıq olduğunu vurğulayan Vuçiç, "Ancaq Serbiya öz xalqına edilənləri qəbul etməyə hazır deyil", - deyə ifadə işlədib.
Bu yaxınlarda Kosovonun şimalında fəaliyyət göstərən 5 Serb bələdiyyə binası, Serb Poçt İdarəsi və Serb “Poçt Əmanət Bankı”nın filialları Kosovo qurumlarının təşkil etdiyi əməliyyatda bağlanıb. Bundan əlavə, Kosovo Mərkəzi Bankının ölkədə nağd ödəniş əməliyyatlarında istifadə edilə bilən yeganə valyutanın avro olduğunu bildirən tənzimləməsinin qüvvəyə minməsi ilə ölkədə Serb dinarının istifadəsinə son qoyulub.
Gülayə Mecid