Sentyabrın 10-də “TələbəPlus” layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
"Unikal" xəbər verir ki, imzalanma mərasimində ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, Təhsilin İnkişafı Fondunun İdarə heyətinin sədri Elnur Nəsibov, universitet və fondun əməkdaşları, Kapital bankın, eləcə də “Visa” şirkətinin nümayəndələri iştirak ediblər.
Qonaqları salamlayan ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov iştirakçılara yeni tədris ilinə hazırlıqla bağlı məlumat verdikdən sonra fond və universitet arasındakı əməkdaşlıqdan bəhs edib. O, əməkdaşlıq çərçivəsində tələbələrimizə yeni tələbə kartlarının verilməsinin faydalı olacağını qeyd edib və bildirib ki, universitet olaraq digər önəmli layihələrin icrası ilə bağlı da fondla əməkdaşlıqda maraqlıdır.
Tədbirdə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov vurğulayıb ki, layihə bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır.
O, bildirib ki, layihə çərçivəsində ilkin olaraq 150 min tələbə kartı istifadəyə veriləcək. “TələbəPlus” kartının ölkənin ali təhsil müəssisələri ilə yanaşı, gələcəkdə kollec və peşə təhsil müəssisələrində oxuyan tələbələrə də verilməsi planlaşdırılır.