Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və satışını təşkil edən əvvəllər məhkum olunmuş Araz Hüseynov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, onun üzərindən 1 kiloqrama yaxın heroin, tiryək və kibrit qutularında qablaşdırılmış marixuana aşkarlanıb.
Araşdırmalar zamanı A.Hüseynovun narkotik vasitələrini satış məqsədilə əldə etdiyi müəyyən olunub.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı isə rayon sakini Əliağa Bayramov saxlanılıb. Həmin şəxsdən də metamfetamin və heroin aşkarlanıb.
Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən son bir ay ərzində narkotiklərin qanunsuz dövriyyəsi məşğul olan şəxslərə qarşı keçirilən tədbirlər nəticəsində ümumilikdə 15 nəfər saxlanılıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.