Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törədilməklə dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs Balahəsənli Kənan Səxavət oğlunun ilkin baxış iclası keçirilib.

"Unikal"ın məlumatına görə, K. Balahəsənli 4 nəfərdən elektron ticarət adı ilə külli miqdarda pul alıb. Hətta zərərçəkənlərindən olan Elnarə İsgəndərova ilə əvvəl sevgili sonra isə ailə həyatı qurmağı da bacarıb. Məhkəmə prosesində ifadə verən təqsirləndirilən şəxs özünü təqsirli bilməyib və ifadə verib: "İş görmək üçün pul almışam. Kriptovalyuta ilə bağlı  Elnarə xanımla birgə iş görürdük. Ondan 40 min dollar nağd pul aldım. Elektron ticarətlə məşğul idim. Elnarə ilə sosial şəbəkədə tanış olmuşuq, sevgi münasibəti yarandı sonra evləndik, üç ay bir yerdə yaşadıq. Pulu Mustafa adlı türk vətəndaşına vermişdim elektron ticarətlə bağlı. O da çıxıb gedib Dubaya".

Elnarə xanımdan ailəli olduğumuz vaxtda 12-13 min dollar alıb elektron ticarətə qoydum. Nikahın pozulmasına da səbəb pulu qaytara bilməməyim olub. 

Digər zərərçəkən Cavidlə bağlı deyə bilərəm ki, mən onu bir nəfərlə calaşdırmışam, qardaşı Kamran Musayevi işə düzəldirdi, 11 min manat pul vermişdilər. Elçin İbrahimovla bağlı isə 1003 manat ittiham irəli sürülüb, kriptovalyuta işi görmüşük. 

Zərərçəkən Elnarə İsgəndərovaya pulu noyabr ayında verdiyini, növbəti ilin aprel ayında isə nikaha girdiyini qeyd etdi: "Sentyabr, oktyabr ayında verdiyim pulları studiya ilə bağlı vermişəm. Mənə deyirdi Prezident Administrasiyasında proqramist işləmişəm, rəsmi işçi olmuşam".

Məhkəmənin gedişində zərərçəkmiş şəxs Elnarə İsgəndərova ifadə verərək qeyd edib ki, 2022-ci ilin iyun ayında sosial şəbəkədə tanış olduq. Mənim studiyamı kirayəyə götürmək istəyirdi, mən vergi ödəyicisiyəm, özün nəqliyyatçıyam. 2022-ci ilin noyabr ayında 41 min dollar məndən aldı, ümumilikdə 55 min dollara kimi pulumu alıb. 2  avtomobilimi, şəxsi avtobusumu, Rusiyada evimi satdım verdim Kənana".

Məhkəmə prosesi 2 oktyabr tarixinə kimi təxirə salınıb.

Seymur Əli