Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən "İstanbul Klinika"da nöqsanlar aşkarlanıb.
"Unikal"ın məlumatına görə, bu səbəbdən "İstanbul Klinika" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə sentyabrın 26-da hakim Elçin Ağayevin sədrliyi ilə baxılacaq.
Sözügedən inzibati xətanın törədilməsinə görə hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, "İstanbul Klinika"sının direktoru və qanuni təmsilçisi Quliyev Əhməd Əli oğludur.
Murad İbrahimli