Bu gün Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulluğunun dəstəyi ilə yeni tədris ilinin başlanması münasibətilə şəhid və qazilərin məktəbli övladlarına, aztəminatlı ailələrdən olan rayon məktəblilərinə məktəb ləvazimatları və çantaları hədiyyə edilib.
"Unikal" xəbər verir ki, Samux rayonunun Seyidlər və Qədilli, Gürcüstan Respublikası ilə sərhəddə yerləşən Poylu, Salahlı və Kəsəmən kəndlərində həssas əhali qrupu ilə keçirilən görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulu Recep Öztop, İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, müəllimlər, məktəblilər və valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan RİH başçısı Firdovsi Əliyev yeni tədris ilinin başlanması münasibətilə hər kəsi təbrik edib və bildirib ki, təşkil olunan tədbirin məqsədi şagirdləri təhsilə həvəsləndirmək, ölkəmizin sağlam və etibarlı gələcəyi naminə faydalı, təhsilli gənclər yetişdirməkdir.
Görüşdə dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan, uşaqların qayğısız böyümələri və təhsil almaları üçün dövlətimizin dəstəyindən söhbət açılıb.
Artıq ənənə halını alan görüş uşaqların sevincinə səbəb olub. RİH-nin başçısı və Baş Konsul tərəfindən uşaqlara məktəb ləvazimatları və çantaları təqdim edilib.
Valideynlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, məmnunluqlarını ifadə ediblər.