Bu gün Almaniya 2-ci bundesliqasında 5-ci turun daha 4 oyunu keçiriləcək.
"Unikal" xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin yeni klubu “Nürnberq” “Ulm 1846” komandasının qonağı olacaq.
Oyun Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.
Bəs, Emreli bu görüşdə iştirak edə biləcəkmi?
Məlum olduğu kimi, 27 yaşlı futbolçu zədəsi səbəbindən hələlik “Nürnberq”də debüt edə bilməyib. Amma onun zədəsi artıq sağalmaq üzrədir.
Komandanın baş məşqçisi Miroslav Kloze keçirdiyi son mətbuat konfransında bildirib ki, onlar zədədən sağalan oyunçuların hamısının (Tim Handerverkerdən başqa) xidmətindən bugünkü görüşdə istifadə edə bilərlər. Amma 46 yaşlı məşqçi onu da vurğulayıb ki, zədədən qayıdan həmin oyunçular ehtiyatda olacaq və 30 dəqiqədən artıq oynama vaxtı olmayacaq.
“Nürnberq”in saytı da yazır ki, beləliklə, Mahir Emreli oyun gününün iştirakçıları sırasında olmağa namizəddir, amma hələlik əsas heyət üçün düşünülmür.
Qeyd edək ki, hazırda “Nürnberq” 4 oyundan 4 xalla 18 komanda arasında 13-cü yeri tutur. Onun bugünkü rəqibi “Ulm” isə 4 matçdan 1 xalla 16-cı pillədə qərarlaşıb.