“Respublika Perinatal Mərkəzi” Publik Hüquqi Şəxsin sabiq direktoru Mehriban Abasquliyeva, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
“Unikal”ın əldə etdiyi məlumata görə, Mehriban Abasquliyeva baş vermiş yanğında özünü təqsirli bilməyib. Belə ki, hadisənin baş verməsinə əsas kimi “TƏBİB”in maliyyə vəsaitinin olmaması və bir neçə Mərkəz əməkdaşının işinə məsuliyyətsiz yanaşmasını göstərib.
Baş Prokurorluğun İstintaq İdarəsində Mehriban Abasquliyevaya 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda), Hamlet Mustafayevə və Elnur Əhmədliyə qarşı isə 225.3-cü maddə ilə cinayət işi başlanıb. Qeyd edək ki, hər üç şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Qeyd edək ki, ilk olaraq Mehriban Abasquliyevaya Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddə ilə cinayət işi başlansa da sonradan 308.2-ci maddəyə töfsif edilib.
Xatırladaq ki, 2024-cü il yanvarın 9-da gecə saatlarında Bakının Xətai rayonunda yerləşən “Respublika Perinatal Mərkəzi”ndə yanğın baş verib. Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) birgə məlumatında deyilir ki, yanğın Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb, aidiyyəti dövlət orqanlarının koordinasiyalı və operativ fəaliyyəti nəticəsində mərkəzdə olan şəxslər təxliyə olunub.
Hadisə nəticəsində 4 nəfər yeni doğulmuş körpə inkubator küvezlərində dünyasını dəyişib, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə hospitalizasiya olunub.
"Dünyasını dəyişən körpələrə ad qoyulmamışdı"
Dünyasını dəyişənlər - Qasımova Gülər Nadir qızının 27 dekabr 2023-cü il tarixdə yeni doğulmuş adsız oğlu, Ramazanova Gülnar Rahib qızının 27 dekabr 2023-cü il tarixdə yeni doğulmuş adsız oğlu, Əliyeva Ramiyyə Aqil qızının 31 dekabr 2023-cü il tarixdə yeni doğulmuş adsız oğlu və Qurbanova (Cabbarova) Nəzrin Zakir qızının 31 dekabr 2023-cü il tarixdə yenidoğulmuş adsız qızıdır.
İbtidai İstintaqla müəyyən olunub ki, Mehriban Abasquliyeva tərəfindən müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işinin düzgün təşkil olunmaması, hadisənin baş verdiyi Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında tibbi avadanlıqların düzgün istismar olunmaması, palatada normadan artıq tibbi avadanlıqların istifadə edilməsi, habelə elektrik qidalandırıcılarda əvvəlki günlərdən yaranmış nasazlığın vaxtında aradan qaldırılmasını təmin etməməsinə əsaslı şübhələr müəyyən edilib.
Direktor xəstəxanaya qanunsuz stasionar xəstələr qəbul edib
Mehriban Abasquliyeva cədvələ uyğun olaraq tibbi təminatı 20 nəfərlik xəstə tutumu üçün nəzərdə tutulan həmin Müəssisənin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinə heç bir əsas olmadan, şəxsi mülahizəsinə əsasən mütəmadi surətdə əlavə stasionar xəstələrin qəbul edilməsinə dair qanunsuz göstəriş verib.
Direktor olduğu 28 dekabr 2022-ci il tarixdən 09 yanvar 2024-cü il tarixədək olan dövr ərzində stasionar xəstə qəbulu sayını əsassız olaraq ən azı iki dəfəyədək artırıb.
Ümumiyyətlə “Respublika Perinatal Mərkəzi” daxil, ölkədə fəaliyyət göstərən digər perinatal mərkəzlərdə saxlanılan xəstə sayı müəssisənin tutumu normalarını faktiki aşaraq, konkret Mehriban Abasquliyevanın direktoru olduğu Mərkəzin Yenidoğulmuşların intensiv terapiya bölməsində cəmi 20 çarpayı yeri nəzərdə tutulduğu halda, 61 ədəd küvez yerləşdirilib.
Yanğın nəticəsində müəssisəyə 361 min manat ziyan dəyib
Yanğının qarşısının alınması zamanı Perinatal Mərkəz PHŞ-nin tibbi cihaz və avadanlıqlarına 177 min manat məbləğində ziyan vurub. Baş vermiş hadisə nəticəsində ümumilikdə müəssisəyə 361 min manat maddi ziyan vurulub.
Araşdırmalar zamanı müəyyən edilib ki, Mehriban Abasquliyeva bu yanğından öncə 2023-cü ilin iyun ayında Perinatal Mərkəzin Doğum şöbəsindəki xəstələrin saxlanıldığı palatanın sanitar qovşağında baş vermiş yanğın hadisəsini ört- basdır edib.
İstintaq zamanı müəyyən edilib ki, Mehriban Abasquliyeva cəmi 4 xəstə tutumu olan, 28 ədəd istifadəyə yararlı elektrik yuvası olmasına baxmayaraq həmin otağa elektrik enerjisi ilə işləyən 42 ədəd tibbi cihaz və avadanlıq yerləşdirib, 9 yenidoğulmuşun müalicə aldığı palatada, birbaşa elektrik panelində olan elektrik yuvaları vasitəsilə qidalandırıcılara qoşulmalı olan küvez aparat, süni tənəffüs cihazı və digər avadanlıları tibb işçiləri tərəfindən palatanın istifadəsi qadağan edilmiş elektrik uzadıcıları vasitəsi ilə elektrik cərəyanına qoşulmuş və bu səbəbdən yüksək gərginliyə tab gətirməyən elektrik uzadıcısındakı artıq yüklənmədən yanğın baş verərək qısa müddət ərzində genişlənməklə otağın daxilinə doğru surətlə yayılmışdır.
Mehriban Abasquliyeva özünü təqsirli bilmir
İttiham aktına görə, təqsirləndirilən şəxs qismində dindirilmiş Abasquliyeva Mehriban Adil qızı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 va 225.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. Belə ki, iş üzrə müəyyən olunanları inkar etməklə, özünümüdafiə xarakterli ifadələr verərək göstərmişdir ki, 27 dekabr 2022-ci il tarixdə «Respublika Perinatal Mərkəzi» Publik Hüquqi Şəxsin direktoru təyin edilərək, həmin vaxtdan yanğın hadisəsi baş verdiyi 09 yanvar 2024- cü il tarixədək, 36 təqvim günü müddətində əmək məzuniyyətində olması nəzərə alınmaqla, cəmi 11 ay vəzifə səlahiyyətlərini icra edib. Mərkəzin direktoru kimi vəzifə səlahiyyətləri tibb müəssisəsinin işini təşkil etmək, ona rəhbərlik etmək, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsini təmin etmək, inzibati-təsərrüfat və maliyyə fəaliyyətini təşkil etmək, əməyin mühafizəsi üzrə cihaz, avadanlıq, alətlər və mexanizmlərin istismarı qaydalarının tələblərinin yerinə yetirilməsinə nəzarət etmək və sairdən ibarət olmuşdur. 09 yanvar 2024-cü il tarixdə saat 03:25-da o, yaşadığı evdə olarkən direktoru olduğu Mərkəzin qəbul şöbəsinin növbətçi maması Gülbahar Zülfüqarova ona zəng edərək Mərkəzdə yanğın çıxması ilə bağlı onu xəbərdar edib. Bundan sonra o, dərhal əvvəlcə Fövqəladə Hallar Nazirliyinin 112 Qaynar Xətt mərkəzinə yanğın çağırışı vermiş və bu zaman Nazirlikdən ona artıq daxil olmuş həmin yanğın məlumatı ilə əlaqədar hadisə yerinə yanğınsöndürən briqadanın göndərildiyi bildiriblər.
"Dərhal Vüqar Qurbanova zəng etdim"
Bundan sonra o, hadisə barədə “TƏBİB” Publik Hüquqi Şəxsin icraçı direktoru Vüqar Qurbanovu da məlumatlandıraraq təxminən 15 dəqiqə ərzində, yəni saat 03:40-özünü Mərkəzə çatdırdıqda, ondan təxminən 5 dəqiqə əvvəl hadisə yerinə gələn yanğınsöndürənləri görmüş və özü də xəstələrlə işçilərin təxliyəsində iştirak etmiş, yanğın saat 04 radələrində söndürülmüşdür. Yenidoğulmuşların intensiv terapiya bölməsinin yanğın hadisəsi baş verən otağında quraşdırılmış videomüşahidə kamerasının qeydə aldığı görüntülərlə alışmanın elektrik uzadıcısı və elektrik yuvasından deyil, 13 yanvar 2026-cı il tarixədək üç illik zəmanət müddəti olan neonatal inkubatorun orta hissəsində yerləşən, yəni küvezda hava və suyu isidən iki qızdırıcı element modulunda yaranmış qısaqapanma nəticəsində baş verməsi açıq-aşkar müşahidə edilmişdir. Hətta hadisədən əvvəl 2023- cü ilin noyabr ayında yenidoğulmuşların intensiv terapiya bölməsindəki reanimasiya çarpayısının qızdırıcı elementlərində baş vermiş qısa qapanma nəticəsində sıradan çıxdığına və intensiv terapiya otaqlarında olan elektrik xətlərinə, naqillərə, kabellərə, elektrik uzadıcılarına, avadanlıqlara və sair cihazlara gündəlik baxış keçirilməsi Mərkəzin elektriki, habelə biomedikal sahəsi üzrə mühəndisin vəzifə öhdəliklərinə aid edildiyinə görə onun tapşırığı ilə biomedikal sahəsi üzrə mühəndis Təbriz Nəzirli tərəfindən həmin avadanlıq təmir olunmuşdur.
Faktiki olaraq isə yenidoğulmuşların intensiv terapiya bölməsində hər hansı bir problem, otaqlardakı mövcud elektrik yuvası, uzadıcı, avadanlıq və sair cihaz nasazlığı barədə ona təqrirlə, o cümlədən 2023-cü ilin iyun ayında Mərkəzin Doğum şöbəsində xəstələrin saxlanıldığı palatanın sanitar qovşağında baş vermiş yanğın hadisəsi ilə əlaqədar isə nə rəsmi, nə də ki, şifahi məlumat verilmədiyinə görə bundan xəbərsiz olub. “Respublika Perinatal Mərkəz”ində istifadə edilən küvez və isidicisi olan açıq tipli reanimasiya çarpayıları “AIST” kimi tibbi avadanlıqlar üçün deyil, məhz kömpüter, monitor, printer, soyuducu, tozsoran, ütü və sair məişət təyantlı cihazların elektrik şəbəkəsinə qoşulmasını təmin etmək məqsədi ilə Mərkəz tərəfindən cəmi 20 ədəd çoxyuvalı elektrik uzadıcısı alınmışdır. Bu minvalla Yenidoğulmuşların intensiv terapiya bölməsinə 12 ədəd elektrik uzadıcının verilməsinə dair bölmənin müdiri Məryəm Rzayevanın imzaladığı tələbnamə ona təqdim edilərkən, Yenidoğulmuşların intensiv terapiya bölməsində təxminən 3-4 ədəd kömpüter, monitor, printer, soyuducu, bir neça ütü, tozsoran və digər məişət texnikasının mövcudluğunu nəzərə alaraq, tələbnamə üzrə elektrik uzadıcalarının göstərilən cihazların elektrik şəbəkəsinə qoşulmasında istifadə olunması məqsədi ilə malların buraxılmasına dair sənəd tərəfindən imzalanıb. Möhürlədikdən sonra anbardar Xəyyam Bədirova təqdim edilmişdir.
Yanğın hadisəsi zamanı Mərkəzin 4-cü mərtəbəsində yerləşən Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsində dörd ayrı intensiv terapiya otaqlarında 08 yanvar 2024-cü il tarixdən müvafiq olaraq saat 21 və 20-də həkim-neonatoloqlar - Leyla Abdullayeva, Validə Əliyeva, tibb bacıları Əsmayə Məmmədova və Təranə Əhmədova, sanitar qadınlar Yeganə Əhmədova və Aynurə Əhmədova 12 saatlıq növbəyə təyin olunmuşdur.
“Mənim əməkdaşlarım üzərlərinə qoyulan vəzifəni yerinə yetirməyiblər”
Mehriban Abasquliyeva yanğının baş verməsində birbaşa aşağıda adları çəkilən şəxsləri günahkar bilib və fikrini belə əsaslandırıb: “Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin müdiri Məryəm Rzayeva ilə bərabər Mərkəzin biomedikal sahəsi üzrə mühəndisi Təbriz Nəzirli, Mülki müdafiə qərargahının rəisi Sevda Allahquliyeva, Dəstək xidmətləri şöbəsinin Təsərrüfat bölməsinin müdiri İsmət Atakişiyev və təsərrüfat bölməsinin elektriki Asif Dadaşov da, eyni ilə vəzifə borclarından irəli gələn öhdəliklərə məsuliyyətsiz münasibət göstərib, üzərlərinə qoyulan vəzifələri lazımınca yerinə yetirmədiklərinə görə ağır nəticələrlə nəticələnən həmin yanğın hadisəsi baş verib”.
Bundan başqa, Mehriban Abasquliyeva bildirib ki, “TƏBİB” ilə bağladığı 27 dekabr 2022-ci il tarixli əmək müqaviləsinə əsasən onun üzərinə yanğın təhlükəsizliyi funksiyasının icrası öhdəliyi qoyulmamaqla yanaşı o, ixtisasca neanotoloq deyil ginekoloq olması, müalicə işinin vəzifə səlahiyətlərinə aid olmaması, Mərkəzdə daim mülki geyimdə gəzməsi, Yenidoğulmuşların intensiv terapiya bölməsinin otaqlarına isə şəxslərin steril və xüsusi geyimdə daxil olması tələbi səbəbindən həmin bölmənin otaqlarına yalnız xüsusi hallarda keçmiş, ümumilikdə göstərilən bölmənin otaqlarında saxlanılan xəstələrin gündəlik baxışını həkimlər, bölmə və şöbə müdiri, eləcə də vaxtaşırı baş həkim həyata keçirmişdir.
Ümumiyyətlə Yenidoğulmuşların intensiv terapeya bölməsinin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinə tabe olmadan müstəqil fəaliyyət göstərməsi qaydası hələ Mərkəz direktoru Sevinc Məmmədovanın dövründən mövcud olmuşdur.
“TƏBİB” pul ayırmaqdan imtina etdi
Məlahət Abasquliyevanın sözlərinə görə, 5 tibb bacısı və 2 sanitar qadın ştat vahidinin açılması üçün 2023-cü ilin yanvar, mart və aprel aylarında tabe olduğu “TƏBİB”Ə yazılı müraciət etməsinə baxmayaraq, maliyyə vəsaiti çatışmazlığına görə həmin məsələlərə baxılması 2024-cü ilə saxlanılmışdır. Yəni tabe olduğu qurum vəsait çatışmazlığını əsas gətirərək Mərkəzə tibb bacısı ştatı açmaqdan imtina edib.
Habelə, 2023-cü ilin iyun ayında Yenidoğulmuşların intensiv terapiya bölməsinin yanğın hadisəsi baş verən otağının təmiri bir ay müddətində yekunlaşsa da, Mərkəzin inzibati binasının yanğın təhlükəsizlik sistemi zəruri qaydalarım tələblərinə uyğun olmadığına görə Fövqəladə Hallar Nazirliyi tərəfindən binada fəaliyyətin davam etdirilməsinə icazə verilməmiş və həmin nöqsanın aradan qaldırılmasından ötrü “Respublika Perinatal Mərkəzi"nin tabe olduğu “TƏBİB”i məlumatlandırılmışdır. Lakin maliyyə çatışmazlığı səbəbindən hadisədən sonrakı ötən zaman ərzində “TƏBİB”in tabeliyindəki “Respublika Perinatal Mərkəz”inin yerləşdiyi inzibati binada yanğın təhlükəsizlik sistemini qaydalara uyğun təşkil edə bilməmiş və ümumiyyətlə direktoru olduğu Mərkəz “TƏBİB” və İcbari tibbi sığorta üzrə Dövlət Agentliyi tərəfindən maliyyələşdirilərək, 2023-cü ilin büdcəsi ondan əvvəl, yəni 2022-ci ilin payız aylarında Məryəm Rzayevanın direktor vəzifəsini icra etdiyi dövrdə təsdiq olunduğuna görə onun 2023-cü il üçün nəzərdə tutulan büdcə vəsaiti hesabına əlavə maliyyə məsrəfi tələb edən hər hansı bir yeni təklif vermək imkanı olmamışdır. Belə olan halda isə qısa müddətlik direktorluğu dövründə kifayət qədər müstəqil büdcə vəsaiti olmayan Mərkəzin yanğın təhlükəsizlik sisitemini təmir etdirməsi imkanları xaricinə çıxdığından, həmin xüsusat müəssisənin məhz onun təqsiri ucbatından fəaliyyətini uzun müddətə dayandırması faktını istisna etmişdir.
Qeyd edək ki, Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın icraatına verilib.
Seymur Əli