"Ferrari" pilotu Şarl Lekler ardıcıl dördüncü dəfə Bakıda keçirilən Azərbaycan Qran-prisində sıralama turunu birinci pillədə başa vurub.
"Unikal" xəbər verir ki, 26 yaşlı sürücü üçüncü sessiyada yenidən lider olub.
"McLaren"dən Oskar Piastri ikinci, Leklerin komanda yoldaşı Karlos Sayns üçüncü yeri tutub.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq. Ş. Lekler 2021, 2022 və 2023-cü illərdə də Bakıdakı sıralama turunda da ilk mövqedə qərarlaşıb.
***
16:44
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda "Red Bull" pilotu Maks Ferstappen liderliyi ələ keçirib.
"Unikal" xəbər verir ki, bu, ikinci sessiyadan sonra baş verib.
11-15-ci sıralardakı daha beş sürücü mübarizəni dayandırıb.
Bunlar Oliver Berman ("Haas"), Yuki Tsunoda (RB), Pyer Qasli ("Alpin"), Niko Hulkenberq ("Haas") və Lans Strolldur ("Aston Martin")
***
16:24
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda "Ferrari" pilotu Şarl Lekler hazırda liderdir.
"Unikal" xəbər verir ki, birinci sessiyadan sonra beş sürücü mübarizəni dayandırmalı olub.
Bunlar 16-cı sıradakı Daniel Rikkardo (RB), 17-ci Lando Norris ( "McLaren"), 18-ci pillədəki Valtteri Bottas, 19-cu Çjou Quanyu (hər ikisi "Kick Sauber") və sonuncu yerdəki Esteban Okondur ("Alpin").
Həmin pilotlar növbəti sessiyaya qatılmayacaqlar.
***
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.
"Unikal" xəbər verir ki, mübarizəyə saat 16:00-da start verilib.
Ötən gün ilk test yürüşündə "Red Bull" sürücüsü Maks Ferstappen, ikinci sınaq yürüşündə isə "Ferrari" pilotu Şarl Lekler birinci olub.
Bu gün üçüncü sərbəst yürüşdə "Mercedes"dən Corc Rassell ən yaxşı nəticə göstərib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.