“Respublika Perinatal Mərkəzi”ndə baş verən yanğın hadisəsi ilə bağlı başlanan cinayət işi artıq yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
“Unikal” ibtidai istintaq vaxtı şahid qismində dindirilən baş həkim Dilarə Şirinovanın ifadəsindən bəzi məqamları oxucuların nəzərinə çatdırır.
Şahid qismində dindirilmiş “Respublika Perinatal Mərkəzi” direktorunun müalicə işləri üzrə müavini işləmiş-baş həkim Şirinova Dilarə Vidadi qızı ifadəsində göstərib ki, yanğın Mərkəzin 4-cü mərtəbəsidə lift və pilləkən çıxışından sağda doqquz yenidoğulmuşun saxlanıldığı ikinci intensiv terapiya otağında baş verərək, həmin vaxt yanan küvezdəki bir və iki ədəd isidicisi olan açıq tipli reanimasiya masasında olmuş, ümumilikdə dörd yenidoğulmuşun həyatı xilas edilsə də, digər küvezdəki dörd yenidoğulmuşun çıxarılması mümkün olmadığı üçün onlar yanaraq hadisə yerinə ölüb:
"Ümumiyyətlə, 9 yanvar 2024-cü il tarixdə saat 02 radələrində Yenidoğulmuşların İntensiv Terapiya bölməsində faktiki 37 xəstə stasionar müalicə almaqla, yanğın baş verən otaqda yerləşdirilən doqquz yenidoğulmuşa davamlı tibbi xidmət göstərməkdən ötrü həmin otağın divar panellərində cəmi 32 ədəd elektrik yuvasının mövcudluğuna baxmayaraq, elektrik şəbəkəsinə qoşularaq fasiləsiz çalışan 42 ədəd elektrik cərəyanı ilə qidalanan tibbi avadanlıq və cihazdan istifadə olmuşdur. “Respublika Perinatal Mərkəzi” yanğın tüstülənməsi ilə avtomatik işə düşən yanğın xəbərverici və yanğınsöndürmə sistemi ilə təhciz olunsa da, həmin sistem işlək vəziyyətdə olmadığından hadisə zamanı işə düşməməsi səbəbindən yanğının miqyası və fəsadları ağır nəticələrə gətirib çıxarıb. Mərkəzin yanğınxəbərverici və elektrik sistemlərinin vəziyyəti, yoxlanılması, yanğın təhlükəsizliyi ilə bağlı aşkar edilən nöqsanların aradan qaldırılması onun vəzifə səlahiyyətinə aid olmadığından ona bu barədə hər hansı məlumat verilməyib, həmin sahələrə birbaşa nəzarəti Mərkəzin direktoru və təsərrüfata cavabdeh vəzifəli şəxslər həyata keçirib.
Bundan başqa, Dilarə Şirinova bildirib ki, Mehriban Abasquliyeva “Respublika Perinatal Mərkəzi” Publik Hüquqi şəxsin direktoru təyin edildikdən sonra keçirdiyi iclas və toplantılarda Mərkəzi 3D kateqoriyasından 3C və ya 3B kateqoriyasına keçirmə yolu ilə əməkdaşların məvaciblərinin qaldırılmasına nail olmaq niyyətini açıqlayıb və bu məqsədlə “Respublika Perinatal Mərkəzi”nin bütün şöbələrində, o cümlədən Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsinin Yenidğulmuşların İntensiv Terapiya bölməsində xəstələrin sayını kəskin şəkildə artırıb.
Belə ki, əvvəllər onun da həkim-neanotoloq kimi işlədiyi Yenidoğulmuşların intensiv terapiya bölməsində mövcud olmuş iki otaqda müalicə alan ağır və orta ağır dərəcəli xəstələrin sayı intensiv terapiyanın xüsusiyyətlərinə görə həkim və tibb bacılarının ştat vahidi üzrə faktiki varlığı ilə uyğunluq təşkil etmişdir. Lakin Mehriban Abasquliyeva “Respublika Perinatal Mərkəzi” Publik Hüquqi Şəxsin direktor təyinatı edildikdən sonra bölmədə daha iki otaq yaradılaraq, xəstə sayının artırılmasına başlanılıb və bununla da iş yükünün çoxalmasına baxmayaraq, tibb bacısı ştatı üzrə əlavə vakansiya açılmayıb. Buna görə də əvvəlcə tibbi personalın, yəni həkim və tibb bacısı ştat vahidi üzrə vakansiyanın artırılması tələb olunduğu halda, həmin təşkilati zərurət həyata keçirilmədən xəstə sayının kəskin, iki dəfədən çox miqdarda artırılıması Mərkəzin iş yükü və normal fəaliyyətinə mənfi təsir göstərməyə başlayıb, bu zaman haqlı olaraq narazılığını ifadə edən tibb işçilərinə isə direktor Mehriban Abasquliyeva ağ vərəq göstərib öz istəkləri ilə işdən azad oluna biləcəkləri cavabını verib.
“Respublika Perinatal Mərkəzi”nə xəstə qəbuluna nəzarət səlahiyyəti birbaşa direktora aid olduğu üçün o, yalnız mövcud çatışmazlıq barədə Mehriban Abasquliyevanı məlumatlandırmış, hətta sonuncunun tələbi ilə məzuniyyətdə olduğu dövrdə belə telefonla xəstə qəbulu barədə M.Abasquliyevanı xəbərdar edib. Adətən hər gün səhər və axşam onun, Mərkəzin şöbə və bölmə müdirlərinin məlumatları ilə yanaşı, “Respublika Perinatal Mərkəzi”nin tibbi personalının iştirak etdiyi “Whatsapp” qrupunda da eyni xarakterli yazışmalarla xəstə yerləri, boş küvez və avadanlığın olmamasına dair direktor Mehriban Abasquliyevanın xəbərdar edilməsinə baxmayaraq, M.Abasquliyevanın göstərişi ilə əlavə xəstə qəbulu davam etdirilib. Bundan əlavə, “Respublika Perinatal Mərkəzi”ndə tutumu 30 nəfərlik Patologiya şöbəsində saxlanılan xüsusi risk qrupuna aid xəstələrin doğuşdan sonra körpələrinin birmənalı Yenidoğulmuşların intensiv terapiya bölməsində yerləşdirilməsi zərurəti və qeyd edilən bölmədə isə boş yerlərin olmaması nəzərə alınmaqla Patologiya şöbəsinə mövcud xəstə tutumu miqdarından artıq sayda xəstə qəbulunun dayandırılması tələb edildiyi halda, qaydalara məhəl qoymayan Mərkəzin direktoru Mehriban Abasquliyeva bunun qarşısını almaq əvəzinə həmin şöbənin xəstələrini Mərkəzin Doğuş şöbəsində yerləşdirilib".
Qeyd edək ki, yanğın hadisəsi 2024-cü il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi”nin dördüncü mərtəbəsində yanğın baş verib. Yanğın nəticəsində Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpə ölüb, 3 nəfər isə tüstüdən zəhərlənib. Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və sentyabrın 23-də hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi məhkəmə prosesinin hazırlıq iclası keçiriləcək.
Xatırladaq ki, Diları Şirinova məlum hadisədən 11 gün sonra TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə “Respublika Perinetal Mərkəzi”nə direktor əvəzi təyin edilib.
Seymur Əli