Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı M.Qaşqay küçəsi 87 ünvanı (Milli Hematologiya və Transfuziologiya Mərkəzi) üzrə yeni ərazi partiya təşkilatı təsis edib.
"Unikal"ın məlumatına görə, təsis iclasında çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə Azərbaycan xalqının mənafelərinə xidmət etmək və ölkəmizin qarşısında duran bütün məsələlərin həlli üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranıb.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Sərdar Əsədov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının xarici əlaqələri çox genişdir və bu əlaqələr gündən-günə genişlənir: “Eyni zamanda, ölkə daxilində mövqelər çox möhkəmdir. YAP demək olar ki, cəmiyyətimizin bütün təbəqələrini, bütün yaş qruplarını birləşdirir. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasıdır”.
Çıxışlardan sonra səsvermə keçirilib və M.Qaşqay küçəsi 87 ünvanı üzrə ərazi partiya təşkilatı təsis edilib. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Tibbi sığorta və xəstə xidmətləri şöbəsinin müdiri Murad Köçərli yekdilliklə M.Qaşqay küçəsi 87 ünvanı üzrə ərazi partiya təşkilatının sədri, İnformasiya texnologiyaları şöbəsinin müdiri Kamran Babayev isə sədr müavini seçilib.
Ərazi partiya təşkilatının yeni seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər.