“Məşədi Dadaş” məscidinin imamına qarşı sui-qəsddə, iki və daha çox şəxsi öldürməyə cəhd etməkdə təqsirləndirilən Hüseynov Elşən Fəxrəddin oğlunun cinayət işi üzrə növbəti məhkəmə prosesi başlayıb.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını oxuyub.
İttiham aktı elan olunduqdan sonra təqsirləndirilən şəxs Elşən Hüseynov törədilmiş cinayət hadisəsində özünü təqsirli bilmədiyini deyib. Məhkəmə ona təqsirli bilindiyi halda 20 ilə qədər cəza təyin ediləcəyi ilə bağlı xəbərdarlıq edib.
Daha sonra Elşən Hüseynov hadisə ilə bağlı ifadə verib:
"Mən 2023-cü ilin yay ayından məscidə gedirdim. Axund Əli Şərbətov ilə bir-iki dəfə görüşmək istəmişəm. Ona şəxsi sözüm var idi, lakin onunla 3-5 dəqiqə danışa bilmişəm. İlk vaxtlar belə danışırdıq. Problem olmurdu. Bir-iki aydan sonra axundla görüşmək məqsədi ilə yenidən məscidə getdim. Məscidin qeyri-rəsmi təhlükəsizlik işçisi Rəsul Həsənli görüşə izin vermədi. Uzun müddət müxtəlif bəhanələrlə mənə maneə yaratdı".
Məhkəmə təqsirləndirilən şəxsdən axundla görüşmək istəyinin səbəbini soruşduqda o, Allahdan ona vəhy gəldiyini iddia edib:
"Mən zamanında Allahın əmri ilə imam təyin olunmuşam. 2020-ci il martın 15-i gecə mənə göydən vəhy kimi səs gəldi. Deyildi ki, mənim bütün günahlarım bağışlanıb və imam təyin edilmişəm”.
Elşən Hüseynov bildirib ki, məscidə getməyinin məqsədi özünü təqdim etmək olub:
"O səs mənə dedi ki, məscidə get, özünü təqdim elə”.
Dekabrın 27-si gedəndə Rəsul dedi ki, axund yoxdu, əlimi atdım qapıya, açım baxım görüm düz deyir, ya yalandan məni aldadır. Əlimdən vurdu və dikbaş davrandı. Mən də əsəbiləşib 3 gün sonra bıçaqla Rəsulun üstünə getdim".
Növbəti məhkəmə prosesi 8 oktyabr tarixinə təyin olunub.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinə bıçaqla daxil olaraq oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.
Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib. Bu səbəbdən o, Əli Şərbətova sui-qəsd istəyini reallaşdıra bilməyib.
Elşən Hüseynova Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən AR Cinayət Məcəlləsinin 29.120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayəti gizlətmə məqsədi ilə adam öldürməyə cəhd) 29.120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29.120.2.11 (Terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29.120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb.
Seymur Əli