2026-cı ilin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində uçan taksilər istifadəyə veriləcək.
"Unikal" xəbər verir ki, bu barədə Dubayın nəqliyyat və avtomobil yolları idarəsinin (RTA) nəqliyyat texnologiyaları departamentinin direktoru Xalid Əl Avadi məlumat verib.
“2026-cı ilin birinci rübündə uçan taksi xidmətini işə salmaq planımız var. Hazırda ABŞ-ın “Joby Aviation” kompaniyası ilə avtomobilin sınaqları və sertifikatlaşdırılması üzərində işləyirik. Eyni zamanda, Böyük Britaniyanın “Skyports” kompaniyası ilə birlikdə “şaquli liman” stansiyasının layihələndirilməsinə başlayırıq”, - deyə o bildirib.
Məmurun sözlərinə görə, Dubayda taksilər üçün “dörd şaquli” hava limanının tikintisi planlaşdırılır. Onlardan ikisi 2026-cı ilin əvvəlində istifadəyə veriləcək. Hava taksiləri üçün infrastruktur obyektləri ilə yanaşı, monitorinq və mühafizə xidməti də qurulacaq.
“General Motors” kompaniyası ilə birgə hazırlanan pilotsuz taksilərə gəlincə, onlar Dubayda 2025-ci ildə fəaliyyətə başlayacaq. Hazırda pilotsuz taksilər sınaq mərhələsindədir.
"2035-ci ilədək Dubayda bütün taksilərinin elektrikli olması planlaşdırılır. 2050-ci ilədək isə bütün avtobus parkı da elektriklə işləyən avtobuslardan ibarət olacaq", - deyə Xalid Əl Avadi əlavə edib.