Keçmiş vəkil Əkbərov Ruhid Rəşid oğlunun Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq etmə maddəsi ilə məhkəmə prosesi yekunlaşıb.
“Unikal”ın məlumatına görə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Ruhid Əkbərov həbsxanada olarkən öz məhkum yoldaşından onun məhkəmə işini həll etmək üçün 53 min manat pul alib. Ancaq vədinə əməl etməyib. Hakim Azad Məcidov məhkəmə istintaqını yekunlaşdıraraq hökmü elan edib və Ruhid Əkbərov məhkəmə zalında həbs edilərək 6 il 4 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 13 saylı Vəkil Bürosunun vəkili olmuş Əkbərov Ruhid Rəşid oğlu bundan öncə də dələduzluq maddəsi ilə həbs edilib və 2021-ci il mart ayının 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, həmin vaxt iki vətəndaşa qarşı 50 min manatdan çox dələduzluq etməkdə təqsirli bilinirdi.
Xatırladaq ki, Ruhid Əkbərov 2018-ci ildə Türkiyədə saxlanılaraq Azərbaycana ekstradisiya edilən tanınmış sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayevin cinayət işi üzrə istintaqın ilkin mərhələsində onun vəkili olub.
Seymur Əli