Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda törədildikdə) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə təqsirli bilinən şəxslər- Qurbanov Mustafa Zirəddin oğlu və Kərimov Maqsud Qadir oğlunun məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

"Unikal"ın məlumatına görə, ilkin olaraq təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Mustafa Qurbanovun MMC-də dizayner işlədiyi məlum olub.  Digər MMC işçisi Maqsud Kərimovun da anket məlumatları dəqiqləşdirildikdən sonra zərərçəkən Seyran Əhədovun anası Gülxar Əhədovanın məhkəməyə təqdim etdiyi etibarnaməsi qəbul olunub. Səbəb isə zərərçəkən kimi tanınan Seyran Əhədovun hazırda ölkədə olmaması göstərilib. 

Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq dövründə "polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilib. Mustafa Qurbanovun vəkili zərərçəkən şəxsin onun müvəkkilindən heç bir şikayətinin olmamasını qeyd edib, bunula bağlı ərizənin olmasını da bildirib. Və həmçinin iş materialları ilə tanış olmadığı üçün məhkəmənin hazırlıq iclasının təxirə salınması ilə bağlı şifahi vəsatət verib. Hakim vəkilin vəsatətini təmin edərək məhkəmə prosesinin hazırlıq iclasını 26 sentyabr tarixinə kimi təxirə salıb.

İttiham aktında qeyd olunub ki, MMC əməkdaşları işlədikləri şirkətin adından istifadə edərək vətəndaşa qarşı 60 min manatdan çox dələduzluq ediblər.

Seymur Əli