Ağdam rayonunda qadını təhqir etməkdə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, Ağdam rayonu Baharlı qəsəbəsi sakini, məcburi köçkün A.Quliyeva məhkəməyə şikayət edərək bildirib ki, əri Rəşad icarə əsasında götürdüyü torpaq sahəsinə gedib və orada bir kağız parçası tapıb.
Kağızı evə gətirən Rəşad onu həyat yoldaşına verib. A.Quliyeva üzərində bir neçə şəxsin adının yazıldığı məktuba baxan zaman orada onun haqqında təhqiredici və şantaj dolu məlumatların yazıldığını görüb.
A.Quliyeva Ağdam Rayon Məhkəməsinə Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yayma) və 148-ci (Təhqir) maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayət verib.
Əməli törədən şəxsin Ağdam rayonu Baharlı-2 qəsəbə sakini X.Meydanov olduğu müəyyən edilib.
Hakim Mahir Niftəliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində A.Quliyeva təqsirləndirilən şəxslə barışdığını bildirib.
Ağdam Rayon Məhkəməsinin qərarı ilə X.Meydanov şikayətçi ilə barışdığına görə onun barəsində cinayət təqibinə xitam verilib.
Murad İbrahimli