Livan sakinləri iki gün ərzində peycerlərin və digər rabitə vasitələrinin partlamasından sonra gündəlik həyatda istifadə etdikləri cihazlarından şübhələnməyə başlayıblar; məsələn, Livanlılar öz smartfonlarından “uzaqlaşmağa” başlayıblar.
"Unikal" xəbər verir ki, bu barədə Amerikanın "The New York Times" qəzeti yazıb.
"Bəziləri cihazlarını söndürməyə başlayıblar. Digərləri evlərinə enerji verən invertorları və günəş sistemlərini söndürüblər. Çoxları mobil telefonlarını uzaqda saxlayıb, zənglərə cavab verməkdən imtina ediblər. Monitorlara, televizorlara, noutbuklara - Livan sakinləri bütün bunlara şübhə ilə baxırlar", - nəşr yazır.
Qəzetin yazdığına görə, Livan cəmiyyətində partlayışlardan sonra “artan narahatlıq” var. Bundan əlavə, vəziyyəti “İsraillə genişmiqyaslı müharibə qorxusu” daha da gərginləşdirir.
Bundan əvvəl ABC telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, İsrail 15 ildir Livanda peycerləri partlatmaq üçün əməliyyat planlaşdırır.
Gülayə Mecid