Konstitusiya Məhkəməsi sentyabrın 1-də Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrini təsdiqləyib.

"Unikal" xəbər verir ki,  müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun qərarını elan edib.

Qərara əsasən, Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq edib.

***16:06

Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov sualları cavablandırıb.

"Unikal" xəbvər verir ki,  bundan sonra hakimlər müşavirəyə gediblər.

***15:47

Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclasında Konstitusiya Məhkəməsi sədrinin müavini, məruzəçi hakim Rövşən İsmayılov Mərkəzi Seçki Komissiyasının (MSK) 2024-cü il sentyabrın 1-də keçirilmiş parlament seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokoluna Konstitusiya icraatı qaydasında baxıldığını bildirib.

"Unikal" Apa-ya istinadən xəbər verir ki, məruzəçi hakim Kamran Şəfiyev parlament seçkiləri ilə bağlı prokurorluq və polis orqanlarına daxil olan şikayətlər barədə məlumat verib.

Onun sözlərinə görə, Respublika Prokurorluğu bildirib ki, prokurorluq orqanlarına seçki hüquqlarının pozulması ilə 13 şikayət təqdim edilib, onlardan 6-sı üzrə cinayət işi başlanıb. Digər şikayətlər aidiyyəti üzrə göndərilib. Şikayətlər seçkinin nəticələrinə təsir göstərməyib.

Bakı Apelyasiya Məhkəməsinə 25, Sumqayıt Apelyasiya Məhkəməsinə 8, Şəki Apelyasiya Məhkəməsinə 5, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə 1, Ali Məhkəməyə 12 ərizə daxil olub. Ali Məhkəməyə daxil olan 1 iş üzrə Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib.

İclasda çıxış edən Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib ki, seçkilərdə ümumilikdə 46 məntəqə üzrə səsvermənin nəticələri etibarsız sayılıb. Onlardan 3-ü dairə seçki komissiyaları, 43-ü MSK tərəfindən etibarsız sayılıb. 17 dairə üzrə 35 seçki məntəqəsinin seçki komissiyası buraxılıb.

6 433 184 nəfər seçici siyahılarına daxil edilib, 2 395 510 nəfər səs verib. Parlament seçkilərində seçici fəallığı 37,24% olub.

Daha sonra Konstitusiya Məhkəməsinin hakimləri M. Pənahova bir neçə sual ünvanlayıb, M. Pənahov həmin sualları cavablandırıb.

***15:08

Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası başlayıb.

"Unikal" xəbər verir ki,  iclasda növbədənkənar parlament seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı məsələyə baxılır.

 ***08:55

Bu gün Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.

"Unikal" xəbər verir ki, Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclası sentyabrın 21-də saat 15:00-a təyin edilib.

Qeyd edək ki, sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib.