Bakıda vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən şəxslər- Nicat Kərimli və Tural Həmidovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ittihama münasibət bildirərək onlara qarşı elan edilən ittihamla özlərini qismən təqsirli biliblər. Sonra məhkəməyə məcburi gətirmə qərarı ilə gətirilən zərərçəkən şəxs Sənan Qasımovun səs yazısı dinlənilib. Məlum olub ki, zərərçəkmişlər barışığa görə və hadisə vaxtı təqsirləndirilən şəxslərin əlində bıçaq olmamasını demək üçün 3 min manat pul təklif ediblər. Sənan Qasımov isə məhkəmə də təqsirləndirilən şəxslərdən 2 min manat pul aldığını bildirib. Ancaq barışıq verməyə söz verməyib. Səs yazısında həmçinin təqsirləndirilənin şəxslərdən birinin anası bu işlə bağlı vəkilinin hakimlə danışdığını söyləyib.
Məhkəmənin bu yerində hakim Mahirə Kərimova onun adının hallandırılmasına əsəbiləşdi və vəkillərin hakimlərlə ancaq məhkəmə zalında cinayət işi ilə bağlı söhbətinin olmasının mümkün olduğunu qeyd etdi.
Hakim Anar Sadıqov Sənan Qasımova 2 min manat pulu nə üçün aldığı ilə bağlı sual verdi.
Zərərçəkən isə 3 aydır həmin pulu qaytarmaq istədiyini desə də məhkəmə heyəti bunu inandırıcı saymadı. Sənan Qasımov pulu qaytarmağa hazır olduğunu dedi və qarşı tərəfdən şikayətçi olmadığını bildirdi.
Həmçinin qeyd etdi ki, təqsirləndirilən şəxsin qardaşı məhkəmə proseslərinin birindən sonra onu təhdid edələyərək hədələyib.
Sonra dövlət ittihamçısı zərərçəkən tərəfin müdafiəsi ilə bağlı zəruri müdafiə tədbirlərinin görülməsini məhkəmənin nəzərinə catdırdı.
Məhkəmə heyəti qısa müşavirədən sonra aidiyyatlı qurumlara bu barədə məlumat verilməsi ilə bağlı qərar qəbul etdi.
Məhkəmə prosesi 17 oktyabr tarixinə kimi təxirə salındı.
Qeyd edək ki, quldurluq hadisəsi ötən ilin avqustunda paytaxtın Nizami rayonunda qeydə alınıb.
Belə ki, Bakı şəhər sakinləri - Nicat Kərimli və Tural Həmidov paytaxt sakini S.Qasımovu bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə talayıblar.
Qeyd edək ki, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilib və onun şikayəti yoxdur.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Seymur Əli