Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə təqsirləndirilən şəxs Fikrət Balabəyovun məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
"Unikal"ın məlumatına görə, təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Fikrət Balabəyov həkim işləyən həyat yoldaşına qısqanclıq zəminində 14 bıçaq zərbəsi vurub.
Dövlət ittihamçısı Fuad Musayev təqsirləndirilən şəxs barədə həbs-qətimkan tədbirinin dəyişdirilməməsi, cinayət işinin istintaqının başlanması və məhkəmə baxışına təyin olunması ilə bağlı təklif verib. Hakimlər müşavirədən qayıtdıqdan sonra məhkəmə istintaqının başlanması ilə bağlı qərarı elan ediblər.
Məhkəmə prosesi 17 oktyabr tarixinə kimi təxirə salınıb.
Xatırladaq ki, bu ilin may ayında Bakının Suraxanı rayonunda ailə məişət zəminində baş verən münaqişə zamanı qadın bıçaqlanıb. Bu əməli törətməkdə şübhəli bilinən A.Balabəyovanın həyat yoldaşı 1970-ci il təvəllüdlü Fikrət Balabəyov polis əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə Əmircan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1973-cü il təvəllüdlü Balabəyova Arzu Bəxtiyar qızı əri ilə mübahisə zamanı bıçaqlanıb. Fikrət Arzu Balabəyovaya ümumilikdə 14 bıçaq zərbəsi vurub.
Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Fikrət Balabəyov Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin ifadəsində o, hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.
Qeyd edək ki, A.Balabəyova Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birində həkim işləyir.
Seymur Əli