Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs Nəzakət Məmmədxanova və Cinayət Məcəlləsinin 32.5, 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən digər şəxs Samirə Əliyevanın məhkəmə prosesinin baxış iclası keçirilib.
"Unikal"ın məlumatına görə, hakim məhkəmə istintaqının başlanmasını elan edib və ilk olaraq təqsirləndirilən şəxs Nəzakət Məmmədxanova ifadə verib:
"2020-ci ildən Premium Bankın 5 saylı filialının müdiri işləmişəm. 9 il bu bankda, 14 ilə yaxın isə Beynəlxalq Bankda fəaliyyətim olub. Çalışmışam işimdə etimad qazanım, hamıya daim kömək etmişəm. 2023-cü ildə ipoteka ilə aldığım evi satıb şəhərdən qıraq bir yerdə ev tikməyə başlamışam. Orda müəyyən problemlərim yarandı. 2023-cü ildə mən investisiya yatırmaq istəyimlə əlaqədar bir müraciət qoymuşdum, sonra "Main Capital.com" saytından zəng gəldi, ilkin olaraq yatırım kimi 100 dollar, sonra 1235 dollar qoydum.
Artyom adlı səxs mənə başa saldı ki, asanlıqla pulu geri götürə bilirsən, həqiqətən 200 dollar geri götürdüm. Sonra onlar mənə hədə-qorxu gəldilər ki, banka zəng olunacaq. Hətta deyirdilər hər gün saat 3-də pulların geri qayıdacaq. Mən bankda mədaxil qəbzləri yazaraq həmin pulları kart vasitəsilə M10-la onlara göndərirdim. Samirə xanımı da mən problemə salmışam. Mən ilk olaraq əməliyyatçı Nigar Qasımovaya sonra Fərid Səttarova dedim ki, pulları mənim plastik kartıma göndərin.
Onlarda mədaxil yazaraq qəbzləri mənim kabinetimə gətirirdilər. 200 min manat gedəndən sonra xəzinədar Samirə xanım etiraz elədi və dedi ki, mən kassadan pul vermirəm. Artıq kassada nağd pul qalmayanda hər şey üstü açıldı. Mən inanırdım ki, həmin pullar qayıdacaq. Samirəyə həmin pullar qayıdacağı təqdirdə heç bir vəd verməmişəm. Samirə bu işləri mənə olan hörmətindən edib. Mən qayçı ilə Samirənin otağında özümü öldürmək istəyirdim , artıq hərəkətlərimin fərqində deyildim.
Nəzakət xanım onu da qeyd etdi ki, hadisəni törətdikdən sonra adında olan əmlakı qızının adına bağışlayıb. Kibercinayətkarlıqla Mübarizə İdarəsinə müraciət eləmişəm, əmlaklarımı- Qusarda olan 22 sot torpağı və Goradil qəsəbəsində 12 sot torpağın içində olan evi satışa çıxarmışam. İstəyirəm satıb bankın ziyanını ödəyim. Goradil qəsəbəsindəki evi bu hadisədən qabaq, 2023-cü ilin iyul ayında almışam".
Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, “Premium Bank” ASC-də filial müdiri işləyən Məmmədxanova Nəzakət Şərəf qızı bu ilin may ayının 8-dən 23-ü tarixinə kimi işlədiyi 5 saylı filialın 461 min 170 manat pulunu qulluq mövqeyindən istifadə edərək mənimsəyib. Nəzakət Məmmədxanova 32 mədaxil qəbzi əsasında 461 min 170 manat pulu bankda olan özünə məxsus hesab nömrəsindən “M10” proqram təminatında istifadəsində olan mobil nömrə vasitəsilə ayrı-ayrı şəxslərdən kriptovalyuta alaraq internet üzərindən kritovalyuta alqı-satqısının həyata keçirildiyi “Binance.com” internet saytında öz hesabına yerləşdirib.
Digər təqsirləndirilən şəxs bankın xəzinədarı işləyən Samirə Əliyeva isə Nəzakət Məmmədxanova filial müdiri kimi rəhbəri olduğundan pulu kassaya mədaxil olmadan onun plastik kart hesabına qəbzdə göstərilən vəsaitin köçürülməsini təsdiq edib. Beləliklə 15 gün ərzində eyni qayda ilə 461170 manat pulu real mədaxil olmadan Nəzakət Məmmədxanovanın bank kartına və cari hesabına köçürülüb.
Seymur Əli