Sentyabrın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 27 sentyabr- Anım Gününə həsr olunmuş tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, universitetin professor-müəllim heyəti, tələbələr, həmçinin şəhid məzunların ailə üzvləri və yaxınları iştirak ediblər. Tədbir Vətən müharibəsində şəhid olmuş ADNSU məzunlarının xatirəsinə salınmış Kompleksin və Milli Qəhrəman Mübariz İbrahimovun heykəli önünə gül dəstələrinin düzülməsi ilə başlanıb.
Universitetin Akt zalında davam edən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, o cümlədən 44 günlük Vətən müharibəsində canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra ADNSU-nun şəhid məzunları haqqında “Tarix yazan qəhrəmanlar” adlı sənədli film nümayiş olunub.
Tədbirdə açılış nitqi ilə çıxış edən rektor əvəzi, dosent Vazeh Əskərov 27 sentyabr-Anım Gününün Azərbaycanın hərbi-siyasi gücünün, həmrəyliyinin təntənəsi olan böyük Zəfərin təməlinin qoyulduğu şərəfli bir tarixi gün olduğunu deyib. Hər günü bir qəhrəmanlıq dastanı olan, Azərbaycan tarixinə parlaq səhifə kimi yazılan 44 günlük Vətən müharibəsinin həm də ölkəmizin hərbi gücünün, Ordumuzun əzəli torpaqlarımız uğrunda ədalətli savaşının nümayişi olduğunu qeyd edən dosent Vazeh Əskərov Vətən müharibəsi şəhidlərinin, o cümlədən
ADNSU-nun 23 şəhid məzununun əziz xatirəsinin hər zaman uca tutulacağını bildirib.
Sonra şəhid ailələri və yaxınları çıxış edərək ADNSU-nun şəhid məzunlarına göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər, dərin ehtiram və hörmətə görə universitet rəhbərliyinə təşəkkür ediblər.
Sonda “Gənclik” Mahnı və rəqs ansamblının solistinin ifasında “Hardasan” rəqsi nümayiş olunub