27 Sentyabr - Anım Günü ilə bağlı suveren Azərbaycanın hər bir yerində olduğu kimi, Göygöl rayonunda da silsilə tədbirlər həyata keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib və Göygöl şəhər Şəhidlər Xiyabanında Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüququ-mühafizə orqanlarının və digər təşkilatların rəhbər şəxsləri, Şəhid ailələri, Qazilər, müharibə iştirakçıları, ağsaqqallar, ziyalılar və rayon ictimaiyyəti iştirak ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizə dərin ehtiramını ifadə edərək bildirmişdir ki, Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı milli həmrəyliyimizin təcəssümü olan uğurlu əks-hücum əməliyyatı nəticəsində əldə olunana Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.
Sonra Şəhidlərin ruhuna dualar oxunub, saat 12:00-da igid Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Şəhid məzarları ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb.